BAKI, 14 mart. TELEQRAF

Bakı şəhərinin Baş planına uyğun olaraq tıxacların qarşısını almaq üçün yerüstü metro xətlərinin çəkilməsi, yolların genişləndirilməsi və alternativ yolların çəkilməsi nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Bundan başqa, qeyd olunub ki, Bakı-Sumqayıt və Lökbatan istiqamətlərində, o cümlədən Abşeron yarımadasında sıxılığın aradan qaldırılması istimqamətində bir sıra işlərin görülməsi planlaşdırılır.

Bura paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədi ilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası ilə 2-ci şimal giriş-çıxış yolunun yaradılması, "Bakı-Sumqayıt şossesi"ndə, Xırdalan və "20 yanvar" dairələrində nəqliyyat sıxlığının azaldılması, Xırdalaş şəhərinə alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Xocasən qəsəbəsindən keçməklə Yasamal rayonu ərazisində "Xarici dairəvi yol" ilə birləşdirən paytaxtın strateji üçüncü şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması daxildir.