
BAKI, 14 mart. TELEQRAF
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX), nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA), Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Oğuz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Oğuzda konfrans təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Əmək və sosial müdafiə: müasir çağırışlar və rəqəmsal həllər” mövzusunda keçirilən konfransda çıxış edən Oğuz RİH-in başçısı Cavid Əbdul-Qədirov tədbirin əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan ardıcıl islahatlar, bu sahədə tətbiq olunan innovativ yeniliklər barədə işəgötürənlərin məlumatlandırılması, sosial dialoqun inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev iş yerlərində təhlükəsiz və layiqli əmək şəraitinin yaradılması istiqamətində görülən tədbirlər, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinə həmkarlar ittifaqları tərəfindən göstərilən qayğı barədə danışıb.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, dövlət-özəl dialoqunun inkişafı və sahibkarların maraqlarının qorunması istiqamətində görülən işləri vurğulayıb.
Sonra panel müzakirəsi keçirilib, mövzu ilə bağlı suallar cavablandırılıb.
C.Əbdul-Qədirov Oğuzda kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə taxılçılıq, tütünçülük və bağçılığın inkişafından bəhs edib. Eyni zamanda, rayonun güclü turizm potensialına malik olduğunu bildirən icra başçısı sahibkarlara bütün istiqamətlərdə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını deyib.
DƏMX-nin rəisi Vəli Quliyev əmək münasibətlərinin tənzimlənməsi üzrə qanunvericiliyə edilən dəyişikliklərin, tətbiq olunan rəqəmsal həllərin, innovativ yanaşmaların mahiyyət etibarilə daha çox əmək qanunvericiliyinin pozulmasının qarşısının alınmasına istiqamətlənən preventiv və proaktiv tədbirləri ehtiva etdiyini vurğulayıb. O, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyətinə toxunaraq bildirib ki, Mərkəzin əsas təyinatı iş yerlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarının tətbiqi, innovativ texnologiyaların dəstəklənməsi, iş yerlərinin attestasiyasının aparılması kimi sahələrdə işəgötürənlərə metodiki köməklik göstərilməsindən, eləcə də təlim və maarifləndirmə xidmətləri göstərməkdən ibarətdir.
Ötən il əməyin mühafizəsi sahəsində 57 milli standartın təsdiq edildiyini bildirən DƏMX-nin rəisi cari ildə 100-dən çox belə standartın qəbul edilməsinin nəzərdə tutulduğunu qeyd edib. Həmçinin “DOST Müfəttiş” və “Nümunəvi müəssisə” layihələri vasitəsilə işəgötürənlərə dəstək göstərildiyini, həmin təşəbbüslərin əmək bazarında şəffaflığın və işçi hüquqlarının qorunmasının gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.
DMA-nın İdarə Heyətinin sədri Sadiq Əliyev icra olunan aktiv məşğulluq proqramları, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı istiqamətində görülən işlər barədə məlumat verib. O, əmək bazarının tənzimlənməsi və dayanıqlı məşğulluğun təmin edilməsi məqsədilə DMA tərəfindən mütəmadi olaraq əmək yarmarkalarının keçirildiyini, peşə hazırlığı kurslarının təşkil edildiyini, təqdim edilən vakansiyalar üzrə işlə təminat prosesinin aparıldığını, işsiz və işaxtaran şəxslər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərin yaradıldığını, gənclərin düzgün peşə seçiminə dəstək məqsədilə peşəyönümü məsləhəti xidmətlərinin göstərildiyini qeyd edib.
Agentlik sədri aktiv məşğulluq proqramlarının icrasında işəgötürənlərlə sıx əməkdaşlıq edildiyini bildirib, işəgötürənlər üçün nəzərdə tutulan dəstək layihələri barədə məlumat verib. S.Əliyev, həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlarla bağlı icra olunan məşğulluq tədbirlərindən, gənclərin, o cümlədən regionlarda yaşayan gənclərin əmək bazarına çıxışının dəstəklənməsi sahəsində həyata keçirilən layihələrdən söz açıb.
DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov Azərbaycanda sosial sığorta və sosial təminat sahələrində son illərdə həyata keçirilən islahatlar barədə məlumat verib, tətbiq edilən innovativ yanaşmalar, sığorta-pensiya sistemi, əhalinin sosial təminatı sahəsində qarşıya qoyulan prioritet hədəflərə toxunaraq elektron infrastruktur vasitəsilə göstərilən proaktiv xidmətləri diqqətə çatdırıb.
Konfrans iştirakçılarının müzakirə edilən mövzularla bağlı sualları cavablandırılıb. Tədbir iştirakçıları Oğuzda keçirilən əmək yarmarkasında iştirak ediblər. Yarmarkada müxtəlif fəaliyyət sahələri üzrə 13 işəgötürən tərəfindən ümumilikdə 60-dan artıq vakansiya təqdim olunub. Sahibkarlarla birgə dəyirmi masa da keçirilib, onları maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.