BAKI, 14 mart. TELEQRAF

Ötən il Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) ilə təmin olunan ailələrin sayı və bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği açıqlanıb.

Teleqraf xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə bildirilib ki, ötən il 76.0 min aztəminatlı ailənin 334,5 min ailə üzvünə ÜDSY-nin ödənişi təmin olunub və bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği isə 475.2 manat təşkil edib.

Qeyd edilib ki, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün sözügedən sahədə də islahatlar davam etdirilib.

ÜDSY-nin təyin edilməsi məqsədilə müəyyən edilən ehtiyac meyarının həddi 2024-cü il üçün 9.8% və ya 24.0 manat artırılaraq 270.0 manat məbləğində təsdiq edilib. Bu da həm bir ailəyə təyin olunan ÜDSY məbləğinin artmasına, həm de ÜDSY təyin olunan ailələrin əhatə dairəsinin genişləndirilməsinə imkan verib.

Hesabat ilində sosial yardıma müraciət prosedurunun daha da asanlaşdırılması, əlçatanlığın və vətəndaş məmnunluğunun artırılması üçün "Ünvanlı yardım" altsistemi yenidən qurulub və istifadəyə verilib, habelə Şirvan şəhəri, Astara və Şamaxı rayonlarında ev təsərrüfatı kitablarının elektronlaşdırılması prosesinə başlanılıb.

Bu ərazilər üzrə 2024-cü il 12 dekabr tarixinədək 46.4 min ev təsərrüfatının (Şirvan şəhəri üzrə 15,7 min, Astara rayonu üzrə 17,2 min və Şamaxı rayonu üzrə 13,5 min) elektronlaşdırılması başa çatıb və ÜDSY-nin proaktiv təyinatının test edilməsinə başlanılıb.