.jpg)
BAKI, 14 mart. TELEQRAF
Almaniya “Nürnberq”inin futbolçuları "Qröyter Fürt"lə keçirəcəyi 274-cü Frankoniya derbisindən əvvəl məşqlərdə özlərini daha da yaxşı tərəfdən göstərirlər.
Teleqraf xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Miroslav Kloze bildirib.
Onun sözlərinə görə, baş məşqçi üçün tam heyət və seçim imkanından yaxşı heç nə yoxdur: "Hamı irəliləyişə can atır, derbidə oynamaq istəyir. Xüsusən, evdə".
Kloze start heyəti qurarkən, xüsusən iki mövqe - müdafiə və hücum xətti ilə bağlı qərar verməkdə baş sındıracaq. Ön xətt oyunçularından Janis Antist son zamanlar elə də inamlı təsir bağışlamır. Onun alternativlərindən biri "Qröyter Fürt"lə ilk oyunun qəhrəmanı - Azərbaycan millisinin forvardı Mahir Emrelidir. Lakin Emreli hazırda oruc tutur. Baş məşqçi bu məqamın da nəzərə alınmasının gərəkliyini vurğulayıb: "Gözləyib baxacağam ki, Mahir bu həftə necə məşq edəcək. Hələlik hər şey yaxşı görünür".
Bu gün və sabah "Nürnberq" qapalı məşqlər keçirəcək. Start heyətin məhz bunun nəticəsində müəyyənləşəcəyi gözlənilir.
Bu arada Emreli Azərbaycan millisinin martın 22-də Haiti və martın 25-də Belarusla keçirəcəyi yoldaşlıq görüşlərinə dəvət alıb.
Qeyd edək ki, Almaniyanın II Bundesliqasında XXVI turun "Nürnberq" - "Qröyter Fürt" oyunu martın 16-da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 16:30-da başlanacaq. Hazırda "Nürnberq" 25 oyundan 38 xalla 8-ci, "Qröyter" isə 33 xalla 12-ci pillədə qərarlaşıb.