
BAKI, 14 mart. TELEQRAF
Martın 13-də xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb: “Bir neçə gün əvvəl Ermənistan açıq qalan iki maddəni də qəbul etdiyini açıqlayıb”.
Teleqraf xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi Ceyhun Bayramovun çıxışından bir neçə saat sonra sülh sazişi ilə bağlı danışıqların yekunlaşdığını təsdiqləyən bəyanat yayıb.
Rəsmi İrəvan da bəyan edib ki, sülh müqaviləsinin mətninin son iki bəndi razılaşdırılıb.
Barəsində danışılan bəndlərə gəlincə, bunlar üçüncü ölkələrin qüvvələrinin sərhəddə yerləşdirilməməsi və Azərbaycanla Ermənistanın beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan imtinası ilə bağlı olduğu bildirilir.
Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin dekabrında Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində bu barədə məlumat vermişdi: “Biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb”.
Ölkə başçısı bu iki bəndin “Azərbaycan və Ermənistanın bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durması” və “başqa ölkələrin nümayəndələrini sərhəddə yerləşdirməmək”lə bağlı olduğunu bildirmişdi.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da fevralın 28-də verdiyi açıqlamada son iki bəndin qeyd edilən məsələlərlə bağlı olduğunu söyləmişdi.
Dünən Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan sülh sazişi qüvvəyə mindikdən sonra tərəflərin sərhəddə üçüncü ölkə qüvvələrini yerləşdirməməsi ilə bağlı müddəa ilə razılaşıb.
Paşinyan beynəlxalq məhkəmə proseslərinin qarşılıqlı olaraq geri götürülməsi məsələsinin də həllini tapdığını açıqlayıb: “Düşünürəm ki, bu məsələ öz həllini tapıb. İndi təfərrüata varmaq istəmirəm”.