
BAKI, 13 mart. TELEQRAF
İdxal olunan nektarin və şaftalı tinglərində virus aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi nektarin və şaftalı tinglərindən AQTA əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında şarka virusu aşkarlanıb.
"Faktla bağlı 18000 ədəd nektarin, 18240 ədəd şaftalı tinginin gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib, hazırda qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməkdədir.
Qeyd edək ki, şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır", - məlumatda qeyd olunub.