BAKI, 13 mart. TELEQRAF

Zəfəran Hospitalının ayaqyolundakı xəbərdarlıq elanı xəstəxanaya gələnlər arasında çaşqınlıq yaradıb.

Teleqraf xəbər verir ki, təmizliyə riayət edilməsi ilə bağlı hospitalın ayaqyolunun içərisinə vurulan elanda yazılıb:

“Zəhmət olmasa, unitazın içinə salfetka atmayın! Özünüzdən sonra təmizliyə riayət edin! Kamera nəzarəti var”.

Bu isə hospitala yolu düşən xəstələr və onların yaxınlarının ciddi narahatlığa və narazılığına səbəb olub.

Ayaqyolundakı elan nəyi ifadə edir? Həqiqətən içəridə kamera varmı?

Zəfəran Hospitalından Teleqraf-a bildirilib ki, həmin xəbərdarlıq elanındakı yazı bir işçi tərəfindən səhvən yazılıb.

“Bu barədə müdiriyyətə bildirildi, həmin mərtəbədəki ayaqyoluna baxıldı və elan yığışdırıldı. Bu, bir işçi tərəfindən səhv yazılan yazı idi. Hazırda hospitalın daxilindəki ayaqyolunda belə bir elan və kamera yoxdur”, - hospitaldan bildirilib.