BAKI, 13 mart. TELEQRAF

Son zamanlar dəm qazından zəhərlənmə, eləcə də ölüm halları ilə bağlı tez-tez xəbərlər yayılır.

“Azəriqaz” İstehsalat Birliyindən Teleqraf-a verilən məlumata görə, 2024-cü il ərzində respublika üzrə dəm qazı hadisələrinin sayı 424, ondan xəsarət alaraq zəhərlənmiş insanların sayı 483 nəfər, ölənlərin sayı isə 44 nəfər olub. Bu ilin ötən dövründə dəm qazı hadisələrinin sayı 152, ondan xəsarət alaraq zəhərlənmiş insanların sayı 158, ölənlərin sayı isə 11 nəfər olub.

Hadisələrin başvermə səbəbləri mühüm əhəmiyyət kəsb edir. Zəhərlənmələr nədən yaranır: Ehtiyatsızlıq, yoxsa texniki təchizatın lazimi səviyyədə olmaması?

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Teleqraf-a açıqlamasında bildirib ki, qaz təsərrüfatı olan yerdə təhlükəsizlik məsələsi hər zaman ön planda olmalıdır.

Onun sözlərinə görə, qazın mütləq təhlükəsiz istismarı həyata keçirilməlidir:

"Çünki məişətdə qazdan düzgün istifadə edilmədikdə yanğın və ya dəm qazından zəhərlənmə ola bilir. Mütləq həm dəm qazı, həm də qaz sızması əleyhinə detektorlar quraşdırılmalıdır. Dəm qazı əleyhinə olan detektor quraşdırılarsa, dəm qazı əmələ gələndə xüsusi səs siqnalı vasitəsilə istehlakçıya məlumat ötürülür və qoruyucu funksiya yerinə yetirilir. Qaz sızması əleyhinə olan detektor da eyni qaydadadır.

Qaz sızması anında klapan bağlanır və təchizat dayanır. Bədbəxt hadisənin baş verməsinin qarşısı alınır. Mütləq bu məsələlərə diqqət etmək lazımdır".

"Dəm qazı detektoru olmalıdır"

Elmar Nurəliyev bildirib ki, qaz cihazlarına hər hansı kənar müdaxilə etmək, qeyri-metal borularla bir otaqdan digər otağa qaz çəkmək, rezin şlanqlardan istifadə etmək təhlükəsizlik baxımından yolverilməzdir:

"Hər hansı təmir, yerdəyişmə işləri mütləq ixtisaslaşmış müəssisə və ya mütəxəssis tərəfindən həyata keçirilməlidir. Qaz cihazı olan otaqda havanın həcminə mütləq diqqət etmək lazımdır, çünki qazın yanması üçün oksigen tələb olunur. Əgər qapalı məkanda oksigen azalarsa, yanma prosesi pozulacaq, nəticədə dəm qazının əmələ gəlmə riski yaranacaq. Ona görə mütləq qaz yanan otaqda ventilyasiya, havalandırma, nəfəslik olmalıdır, tüstü bacasının da işlək vəziyyətdə olmasına diqqət yetirilməlidir.

İkigözlü qaz cihazı olan otaq minimum 8 kvadrat, üçgözlü qaz cihazı üçün 12 kvadrat, dördgözlü qaz cihazı üçün isə 15 kvadrat olmalıdır. Əlavə olaraq su qızdırıcı quraşdırılıbsa, otağın kvadratı minimum 20 kvadrata çatmalıdır. Belədə təhlükəsizlik tədbirləri görülmüş sayılır".

Ekspert vurğulayıb ki, dəm qazı əsasən hamam otaqlarında yaranır: "Təhlükəsizlik baxımından hamam otağında qaz cihazının quraşdırılması məqsədəuyğun deyil. Əgər quraşdırılıbsa, mütləq tüstü bacası tıxanmamış, işlək vəziyyətdə olmalıdır, normativ standartlara uyğun qurulmalıdır, ventilyasiya, nəfəslik, dəm qazı detektoru olmalıdır".

"Hamamda nəfəslik açıq olmalıdır"

Ötən il dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 83, bu ilin yanvar-fevral ayları ərzində isə 19 nəfər qəbul edilib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi Aynur Məmmədova da Teleqraf-a açıqlamasında mərkəzə müraciət edənlər arasında dəm qazından zəhərlənmə halının daha çox hamam otaqlarında müşahidə olunduğunu deyib.

Onun sözlərinə görə, həmin insanlar hamamda olarkən nəfəsliyi açıq qoymurlar.

"Hazırda qapı-pəncərələr əsasən plastik materialdan hazırlanır, onlar isə havanı saxlayır, filtrasiya etmir. Buna görə də qaz bir qədər sızdıqda tez bir zamanda otağa dolur, beləliklə, zəhərlənmə başlayır", - deyə əlavə edib.

Həkim zəhərlənmələrin yüngül, orta, ağır olmaqla 3 kateqoriyaya bölündüyünü deyib:

"Yüngül zəhərlənmədə qanda CoHb (qanda karbon qazının toksiki miqdarı) 5-10% olur. Bu zaman şəxslərdə yüngül halsızlıq, başağrısı, başgicəllənməsi olur və tez müdaxilə edildikdə xəstəxanaya ehtiyac qalmır.

Orta hallarda qanda karbon qazının toksiki miqdarı 15%-dən yuxarı, yəni 35%-ə qədər olur. Burada qısamüddətli huşun itməsi, qusma, kəskin başağrıları qeydə alınır. Bu zaman şəxs mütləq həmin otaqdan çıxarılmalı, müdaxilə edilməli, təcili tibbi yardım briqadasının müşahidəsi ilə xəstəxanaya çatdırılmalıdır.

Ən pisi ağır hallardır, bu zaman qanda karbon qazının toksiki miqdarı 35%-dən yuxarı olur. Xəstənin huşu itir, kəskin ürək-damar, tənəffüs çatışmazlığı olur, qıcolma baş verir".

Aynur Məmmədova yüngül, orta və ağır xəstələrin hər birində qusma refleksinin daha çox olduğunu qeyd edib:

"Orta və ağır xəstələrdə huşun itirilməsi nəticəsində qusuntu kütləsi ağız boşluğundan nəfəs yoluna keçir və aspirasiya (tənəffüs yoluna yad cismin düşməsi) deyilən ağır fəsad əmələ gəlir, yəni tənəffüs yolu tutulur, nəfəsalma dayanır. Bu da ürək, qan-damar sisteminin dayanmasına gətirib çıxarır və ölümə səbəb ola bilir. Bizdə xəstələr çox vaxt bundan ağırlaşır. Ona görə məsləhət görürəm ki, hamam otağında kimsə olanda qapı-pəncərə mütləq açıq olmalı, hamamdakı şəxslə mütəmadi əlaqə saxlamaq lazımdır".

Dəm qazından zəhərlənmə hansı halda ölümlə nəticələnir?

Aynur Məmmədovanın sözlərinə görə, dəm qazından zəhərlənmə o vaxt ölümlə nəticələnir ki, şəxs qaz sızan otaqda uzun müddət köməksiz qalır və qanda karbon qazının toksiki miqdarı 35%-dən yuxarı olur:

"Zəhərlənən adama nə qədər tez müdaxilə edilsə, o qədər müsbət nəticə əldə edilir. Bəzən xəstə yarım saata qədər o halda qalır, amma fəsad yaranmır. Bəzən də 5-10 dəqiqəlik müddət ölümlə nəticələnir. Bu fərqlərin yaranma səbəbi isə budur: hamam otağı nə qədər kiçik və bağlı, otaqda dəm qazının miqdarı nə qədər çox olarsa, eyni zamanda zəhərlənən şəxs uşaq, yaşlı, ürək-damar, şəkər, təzyiqi olan, ağır əməliyyat keçirmiş biri və ya hamilə qadın olarsa, ölüm riski artır. Bu şəxslər risk qrupundadırlar. Hamama və ya qapalı məkana qaz sızdıqda nəfəslik açıq olarsa, ölümlə nəticələnmə çox az ehtimaldır".

Həkim bu il dəm qazından zəhərlənmə hallarının çox olduğunu vurğulayıb: "Çox təəssüf ki, bu il bizim xəstəxanaya bununla bağlı müraciət edənlərin sayı çox oldu, ağır xəstələr də çox idi, amma ölüm faizi aşağı oldu. Hesab edirəm ki, qarşıdakı payız dövründə qaz sobalarının yoxlanılması məsləhətlidir".

Bunlara diqqət edin!

Fövqəladə Hallar Nazirliyinin Teleqraf-a açıqlamasında bildirilib ki, dəm qazı təhlükəsindən qorunmaq üçün qaz cihazı saz və standartlara uyğun olmalıdır.

Qeyd edilib ki, cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq qoyulmalıdır: "Hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir".

Dəm qazının iysiz və hiss edilmədiyi vurğulanıb: "Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq kimi hallardır. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır".