BAKI, 14 mart. TELEQRAF

"2024-cü ildə 12 aylıq inflyasiya 4,9%, orta illik inflyasiya isə 2,2% olub".

Teleqraf xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 14-də Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən deyib.

Baş nazir qeyd edib ki, hesabat ilində 126.3 mlrd. manatlıq və ya 2023-cü illə müqayisədə real ifadədə 4,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Həmçinin 2024-cü ildə ÜDM istehsalı neft-qaz sektorunda 0,3%, qeyri neft-qaz sektorunda isə 6,2% artıb. Əhalinin hər nəfərinə düşən ÜDM isə 3,6% artaraq 12,4 min manat (7,3 min ABŞ dolları) təşkil edib.

"2024-cü ildə xarici ticarət dövriyyəsi təxminən 47.4 mlrd. ABŞ dollarına çatıb. 5.3 mlrd. dollar müsbət ticarət saldo yaranıb. Qeyri-neft ixracı 3,3 mlrd. dolları üstələyib. 2024-cü ildə ölkənin strateji valyuta ehtiyatları 2.5 mlrd. dollar (və ya 3.7%) artaraq 71 mlrd.dollar (hazırda 73 mlrd.dollar) təşkil edib. Bununla da valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyib. İlin sonuna xarici dövlət borcunun məbləği 20,6% azalaraq 5,1 mlrd. dollar olub. ÜDM-in cəmi 6,9%-ni təşkil edib. Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyi, makro-fiskal və monetar siyasətlə bağlı qərarlar inflyasiyaya azaldıcı təsir edib", - deyə Baş nazir deyib.