BAKI, 10 mart. TELEQRAF

2025-ci ilin 3-5 iyun tarixlərində paytaxtda “Baku Energy Week” (Bakı Enerji Həftəsi) regionun ən önəmli enerji tədbiri keçiriləcək.

Teleqraf xəbər verir ki, tədbirdə enerji sahəsindəki əsas iştirakçılar- beynəlxalq ekspertlər, investorlar və biznes nümayəndələri bir araya gələrək enerji sahəsindəki ən mühüm məsələləri müzakirə edəcək.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays, “Baku Energy Forum - 2025" iştirakçılarına ünvanladığı salamlama məktubunda bildirib ki, forum Azərbaycanı qlobal enerji məsələləri üzrə konstruktiv dialoqun mərkəzinə çevirib. O, xüsusilə Azərbaycanı, OPEC və qeyri-OPEC istehsalçıları arasında Əməkdaşlıq Bəyannaməsinin (DoC) vacib iştirakçısı kimi qeyd edərək vurğulayıb: “Bu, COP29-da aydın şəkildə özünü göstərdi və şübhəsiz ki, 30-cu Bakı Enerji Forumunda da bir daha vurğulanacaq”.

Qeyd edək ki, "Baku Energy Week"ə Energetika Nazirliyi dəstək verəcək. Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş olaraq iştirak edəcək. Tədbirin təşkilatçıları “İteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Həmçinin Bakı Enerji Həftəsi Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.