BAKI, 10 mart. TELEQRAF

"Beşinci dəfə Macarıstan Kubokunun qalibi olduğum üçün çox sevincliyəm. Təbriklər üçün hər kəsə təşəkkür edirəm".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin qadın voleybolçusu Ayşən Abduləzimova federasiyanın rəsmi saytına açıqlamasında deyib.

O, KNRC-yə qarşı final oyununun gərgin alındığını, buna baxmayaraq, 3:1 hesabı ilə qalib gəldiklərini söyləyib. Komandasını təbrik edən Abduləzimova çox sıx qrafiklə mövsüm keçirdiklərini vurğulayıb: "Kubok başa çatsa da, Macarıstan liqasında və avrokubokda mübarizəmiz davam edir. Hazırda bütün fikirlərimiz avrokubokdadır. Sabah çox vacib oyunumuz olacaq. CEV Kubokunun yarımfinalında cavab qarşılaşmasına çıxacağıq. Bütün oyunçular, məşqçilər heyəti, hamımız sabahkı oyuna köklənmişik”.