
BAKI, 10 mart. TELEQRAF
Ermənistan Rusiya ilə strateji müttəfiqliyini gücləndirməli, İranla hərbi-siyasi ittifaqa girməlidir.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, “Daşnaksütyun” terror təşkilatının “siyasi büro”sunun üzvü Armen Rüstəmyan deyib.
Onun sözlərinə görə, Ermənistan həmişə onu dəstəkləyən bu iki ölkə ilə əlaqələri gücləndirməlidir.
“Əsas maneə hazırkı hakimiyyətdir, ona görə də, bu ölkələrlə münasibətlərdə ciddi çətinliklər yaranıb. Hakimiyyət Ermənistanın müttəfiqlərini düşmənə çevirib. Bu vəziyyət düzəldilməlidir. İlk növbədə Rusiya ilə strateji əlaqələr gücləndirilməli, İranla hərbi-siyasi ittifaq bağlanmalıdır”, - Rüstəmyan bildirib.
Deputat əlavə edib ki, İran ilk gündən Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini dəstəkləyib və bu yolun açılmasına qarşı çıxıb. Rüstəmyanın fikrincə, Ermənistan bu layihənin qarşısını almağa yönəlmiş İran yanaşmalarının həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaratmalıdır.