
BAKI, 25 fevral. TELEQRAF
Ermənistan İctimai Radiosunun dövlət himnindən “Düşmənlərə qarşı bərq vuran üçrəngli bayraq” və “Şanlı Ermənistanı yaratsın" misralarını səsləndirilən versiyadan çıxararaq təqdim etməsi müzakirələrə səbəb olub. İddia edilir ki, 10 gündür radionun səhər proqramı dövlət himninin ixtisar olunmuş variantı ilə yayıma başlayır. Sözsüz, bir ölkənin dövlət himninin düşmənçiliyi körükləyən ideologiyaya çağırış etməsi də birmənalı qarşılanmır.
Mövzu ilə bağlı Teleqraf-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail İbrahimli Ermənistan haqqında fikir yürüdərkən hansısa məntiqə söykənməyin qeyri-mümkün olduğunu deyib.
Komitə üzvü bildirib ki, Ermənistan yarandığı gündən indiyə kimi kənardan kimlərsə tərəfindən idarə edilir:
“Bu ölkənin niyə yaradıldığı sual doğurur. Fakt odur ki, Ermənistan dünya dövlətlərinin maraq dairəsinin real ifadəsidir. Məşhur rus yazıçısı Valentin Pikulun “Favorit” romanında İrəvan və Ermənistanla bağlı planların necə qurulduğu barədə açıq təsvirlər yer alıb. Pikul əsərində qraf Potyomkinlə II Yekaterina arasında söhbəti xüsusi ilə qeyd edir. Çariçsa Yekaterina ilə (çar Rusiyası imperatriçəsi) qraf Potyomkin (çar Rusiyasının hərbi naziri) arasında isti münasibətlər var idi. Onların şirin söhbəti zamanı Potyomkin bildirir ki, “çevik insanlar olan ermənilər" artıq özləri üçün paytaxt da seçdilər. Yekaterina təəccüblə soruşur ki, ölkə olmasa, paytaxtın nə faydası var? Potyomkin cavabında deyir ki, indi yoxdur, bizdən sonra olacaq. Soruşur haranı paytaxt seçiblər? Cavab verir ki, İrəvanı. Bu fakt onu göstərir ki, ermənilər qraf Potyomkinin qılığına girib paytaxt, dövlət haqqında düşüncələrini reallaşdırmağa çalışıblar. Təsəvvür edin ki, XVIII əsrdə ortaya atılan bu fikir XX əsrin əvvəlində, yəni 1918-ci ilin mayında erməni dövləti yaratmaqla yekunlaşır. Əslində indi bəziləri İrəvanın qısa zaman kəsiyində ermənilərə verilməsini iddia edir. Bu, belə deyil. Ermənilərin köçürülməsi, onlara burada dövlət yaratmaq xristian dünyasının layihəsi idi”.
Fəzail İbrahimliyə görə, türk dünyası ilə Azərbaycan arasında Ermənistan dövləti yaradan, poetik də olsa, onun himnini, musiqisini yazan, oxuyan rus olub: “Ermənistanın himni də məhz həmin düşüncələrin tərkib hissəsidir. Bu baxımdan da İctimai Radionun dövlət rəsmilərinin tapşırığı olmadan dövlət himnini ixtisar etmək kimi səlahiyyəti, ixtiyarı yoxdur. Bu, uzun sürən prosesin nəticəsində və dövlətin mühüm orqanlarının qərarı ilə mümkündür. Birdən-birə Ermənistanın dövlət himnindən “düşmən” sözünü çıxarmağın nə dərəcədə məqsədli olduğu aydınlaşmalıdır. Bu gün Ermənistanın daxili aləmi ördək, balıq və xərçəng dünyasıdır. Erməni cəmiyyətində bir qrup üçün əsas “konstitusiya” lobbinin verdiyi tapşırıqlardır. Digər qrup Rusiyanın təsiri altındadır. Üçüncü qrup isə Nikol Paşinyanın komandanlığı ilə Avropaya meyl edir. Ona görə də Ermənistanın dövlət himnindən “düşmən” sözünün çıxarılmasına sevinmək lazım deyil. Nə olur-olsun onların düşməni türk və türk dünyasıdır”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə hesab edir ki, dövlətin əsas atributlarından biri olan himndə qonşu xalqlara, ölkələrə qarşı nifrət aşılamaq, o millətin psixoloji xəstəliyi ilə bağlıdır.
“Bu həmin dövlətin tarixə, gələcəyə anormal yanaşmasıdır. Qonşuluq davamlı, əbədidir. Əgər qonşuluğu davam etdirmək istəyirlərsə, o zaman daimi müharibə havası, nifrətlə köklənib yaşamaq olmaz. Ermənistan cəmiyyətində təəssüf ki, gənclər türklərə nifrət ruhu ilə böyüdülür. Əslində daimi olaraq öz cəmiyyətinə nifrət aşılamaqla heç nəyə nail olmayacaqlar. Bu, erməni cəmiyyətinin problemidir”, - deyə o əlavə edib.
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarova görə, hər bir dövlətin ideologiyası olur.
Politoloq bildirib ki, Ermənistan tarixi Azərbaycan ərazilərində süni şəkildə yaradılan bir ölkədir: “İrəvan quberniyası, erməni vilayəti, daha sonra isə “Daşnak Respublikası” yaradılıb. Onun da əsas “ideologiya”sı qonşulara qarşı ərazi iddiaları irəli sürmək idi. Bu dövlət yarandığı andan dərhal sonra Türkiyəyə qarşı müharibəyə başlayıb. Amma məğlub olub yerlərinə oturublar. Sovet dövründə isə ermənilər tərəfindən anneksiya (işğal) siyasəti davam etdirilirdi. Ararat respublikasının sovet dövründə ərazisinin üç dəfədən çox artması bunu təsdiq edir”.
Tofiq Zülfüqarov hesab edir ki, III Ermənistan respublikasının himnində, gerbində, konstitusiyasında olan problemlər mənimsədikləri “ideologiya” ilə bağlıdır: “Azərbaycana, Türkiyəyə, Gürcüstana qarşı ermənilər tərəfindən ərazi iddiaları fonunda müharibələr olub. Bu “ideologiya” onların atributlarında əksini tapıb. 2020-ci ildəki 44 günlük müharibədən sonra erməni cəmiyyətində sahib olduqları “ideologiya”nın onları ölümə apardığı dərk edildi. Ona görə də indi tarixi səhvlərini düzəltməyə çalışırlar. Nikol Paşinyanın dediyi “real Ermənistan” buna xidmət edir. Çalışırlar ki, özlərinə qarşı ittihama səbəb olan bütün məsələləri aradan qaldırsınlar. Gündəmlərində “IV Ermənistan” respublikası formalaşdırmaqdır. 2026-cı ildən sonra bu istiqamətdə nələrin dəyişdiyini isə zaman göstərəcək”.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl dəfələrlə dövlət himnini tənqid edib. O, Ermənistanın himninin standartlara cavab vermədiyini əsas gətirərək, sözlərinin dəyişdirilməsini təklif edib.
Xatırladaq ki, Ermənistanın dövlət himni 1918-ci ildə Ermənistan Demokratik Respublikası zamanında qəbul olunub. Ölkə müstəqilliyini bərpa etdikdən sonra bu himn müəyyən ixtisarlarla yenidən dövlət himni statusuna yüksəlib. Himnin sözləri Mikayıl Nalbəndyana, musiqisi isə Barsek Kanaçyana məxsusdur.