BİLƏSUVAR, 16 noyabr. TELEQRAF

Biləsuvar rayonunda məktəblərdən birinin qarşısında avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Dövlət Yol Polisi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Q.Aslanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.

Məlumata görə, sürücü hərəkət qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının, o cümlədən məktəbin giriş qapısı qarşısında dayanan şagirdlərin həyat və sağlamlığı üçün təhlükə yaradıb.

Faktla bağlı sürücü barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Q.Aslanovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, inzibati qaydada həbs edilib.