BAKI, 16 noyabr. TELEQRAF
Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən narkotik maddənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.
Bu barədə Teleqraf-a idarədən məlumat verilib.
Belə ki, Şirvan şəhər sakini İ.Həsənovun idarə etdiyi “Chevrolet” markalı avtomobil cərimə borcu olduğu üçün Hacıqabul-Horadiz yolu üzərində yerləşən stasionar posta saxlanılıb.
Araşdırma zamanı sürücülük hüququ məhdudlaşdırılan İ.Həsənovun avtomobilin dövlət qeydiyyat nişanlarını saxtalaşdırması aşkarlanıb. Qeyri-adekvat hərəkətləri ilə şübhə doğuran İ.Həsənovun tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə zamanı İ.Həsənovun narkotik maddə qəbul etməsi müəyyən olunub və o, bu əməlini etiraf edib.
Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib və İ.Həsənov inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.