BAKI, 16 noyabr. TELEQRAF
“Dövlət başçısının sosial siyasət kursuna uyğun olaraq, 2027-ci ildə sosialyönlü xərclər əsas prioritetlər sırasındadır və dövlət büdcəsi xərclərinin 44,2 faizi, yaxud 18,7 mlrd. manat sosialyönlü xərclərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Bu 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 3,5 mlrd. manat və ya 22,8 faiz çoxdur”.
Teleqraf xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, 2023-cü illə müqayisədə 2027-ci ildə sosialyönlü xərclər mütləq ifadədə isə 4,4 mlrd. manat və ya 30,6 faiz çox olacaq: "Sosial müdafiə və sosial təminat xərcləri üçün gələn ilin dövlət büdcəsi xərclərinin 11,6 faizi həcmində və ya 4,9 mlrd. manat vəsait nəzərdə tutulur ki, bu da 2025-ci ilin icra göstəricisinə nisbətən 360 mln. manat və ya 7,9 faiz çoxdur.
İcmal büdcənin sosial müdafiə və sosial təminat xərcləri isə 12,9 mlrd. manat proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə 2.2 mlrd. və ya 21 faiz çoxdur.
İcmal büdcənin səhiyyə xərcləri isə 4 mlrd. manat olacaqdır, bu da 2025-ci ilə nisbətən 1 mlrd. manat və ya 36 faiz artım deməkdir".