BAKI, 16 noyabr. TELEQRAF
Bu il Azərbaycanda ilk dəfə İstedadlar Sərgisi təşkil olunacaq.
Teleqraf xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Hasil Abbasov Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə təşkil olunan Milli Məşğulluq Forumunda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, noyabrın 16-dan 19-dək isə Məşğulluq Həftəsi baş tutacaq: "Eyni zamanda Milli Məşğulluq Forumu və məşğulluq sərgisi bu həftə ərzində keçiriləcək. Milli Məşğulluq forumunun əsas məqsədi rəqəmsallaşma, innovativ peşələr, dayanıqlı məşğulluq, süni intellekt və onun əmək bazarına təsiridir".
H.Abbasov bildirib ki, bu, eyni zamanda peşə seçimi, karyerada doğru yanaşma sahələrini əhatə edir. "Biz yerli və xarici ekspertlərin, ali təhsil müəssisələrinin, işəgötürənlərin, digər biznes subyektlərinin və gənclərin iştirakı ilə çalışacağıq ki, bu trend olan, çağdaş olan çağırışlara cavab tapaq. Həmçinin gələcəyin əmək bazarına, əmək bazarının gələcəyinə doğru bir şəkildə işıq tutmağa çalışacağıq", - o vurğulayıb.