ŞUŞA, 20 mart. TELEQRAF

Bayram günlərində işğaldan azad edilmiş ərazilərə səfər edən vətəndaşların sayında əhəmiyyətli artım müşahidə olunur. Xüsusilə Şuşa şəhəri başda olmaqla, Qarabağ bölgəsinin digər istiqamətləri turistlərin əsas seçimləri sırasında yer alır.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, “Yolumuz Qarabağa” portalı üzərindən qeydiyyatdan keçərək səfərə çıxanların sayı bayram günlərində xeyli yüksəlib.

Vətəndaşlar əsasən tarixi-mədəni abidələri ziyarət etmək, doğma torpaqlarla yaxından tanış olmaq və bayram sevincini bu ərazilərdə yaşamaq məqsədilə bölgəyə üz tuturlar.

Səfərlər çərçivəsində Ağdam, Xocalı və Xankəndi istiqamətləri də xüsusi maraq doğurur. Turist axınının artması ilə əlaqədar olaraq müvafiq qurumlar tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib, marşrutların nizamlı təşkili təmin edilir.

Rəsmi qurumlar vətəndaşlara səfər etməzdən əvvəl mütləq qeydiyyatdan keçməyi, müəyyən olunmuş qaydalara riayət etməyi və yalnız icazə verilmiş marşrutlardan istifadə etməyi tövsiyə edir.
Qeyd edək ki, son dövrlərdə Qarabağa səfərlərin sayında ümumi artım tendensiyası müşahidə olunur və bu da bölgəyə olan marağın getdikcə yüksəldiyini göstərir.