BAKI, 5 noyabr. TELEQRAF

"Pakistan “ASAN xidmət” modelini genişləndirir".

Teleqraf xəbər verir ki, bunu Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaca Bakıda keçirilən “İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbirdə bildirib.

Nazir qeyd edib ki, İslamabadda Azərbaycanın “ASAN xidmət” modeli əsasında yaradılan mərkəz bu ilin yanvarında fəaliyyətə başlayıb. 12 dövlət qurumunun 64 xidmətini təqdim edən mərkəz indiyədək 171 mindən çox vətəndaşa xidmət göstərib.

Ş.F.Xavaca mərkəzin yaradılmasında Azərbaycanın texniki və təşkilati dəstəyini xüsusi vurğulayıb.

O, həmçinin gələcəkdə süni intellekt vasitəsilə vətəndaşların pasportu sadəcə sifariş etməklə evdə əldə edə bilməsini hədəflədiklərini söyləyib.