BAKI, 5 noyabr. TELEQRAF
Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində vaxtilə su altında qalmış ərazilər üzə çıxır. Xüsusilə uzun illər neft hasilatı aparılmış sahilboyu ərazilərdə torpağın çirklənməsi yeni ekoloji təhlükələri gündəmə gətirir. Belə ərazilərdə qurumuş çöküntülər və çirklənmiş torpaq külək vasitəsilə toz şəklində havaya qalxaraq zərərli maddələrin ətraf mühitə yayılmasına səbəb ola bilər.
Bəs Xəzərin geri çəkilməsi ilə üzə çıxan çirklənmiş ərazilərdən hansı təhlükəli maddələrin yayılması ehtimalı var? Bu maddələr insan sağlamlığına necə təsir göstərir, uzunmüddətli perspektivdə hansı fəsadlara yol aça bilər?
Mövzu ilə bağlı Teleqraf-a danışan ekoloq Rövşən Abbasov vurğulayıb ki, Xəzər dənizi, xüsusilə Abşeron sahilləri 200 ilə yaxındır neft hasilatı ilə tanınır: "Bu müddət ərzində Abşeron yarımadasında və Xəzər sahillərində neft çıxarılıb. Xüsusilə sovet dövründə və ondan əvvəlki illərdə heç bir ekoloji standarta əməl olunmayıb.
Yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra neft hasilatı zamanı ekoloji məsələlər prioritet kimi ön plana çıxıb. Əvvəlki dövrlərdə isə nə quruda, nə də dənizdə neft çıxarılarkən ekologiyaya lazımi diqqət yetirilib. Başqa sözlə, ekoloji məsələlər heç vaxt prioritet hesab olunmayıb.
Təkcə dənizin altında deyil, quruda da – Abşeron yarımadasında 30 min hektara qədər neftlə çirklənmiş torpağın olduğu təsdiqlənir. Bu faktı rəsmi qurumlar da təsdiq edir. Doğrudur, son illərdə həmin torpaqların bir hissəsi rekultivasiya olunub. Xüsusilə Ağ Şəhər ərazisindəki torpaqları buna nümunə göstərmək olar. Bununla belə, hələ də çirklənmiş ərazilər qalır və onların rekultivasiyası uzun müddət tələb edəcək.
Xəzər dənizi geri çəkildikcə, neft hasilatı aparılmış bir çox ərazilərdə çirklənmiş sahələr üzə çıxır. Bu da əlavə problemlər deməkdir. Həmin ərazilərin rekultivasiyası tələb olunur".
Ekoloqun sözlərinə görə, Xəzərin geri çəkilməsi çirklənmiş əraziləri müəyyənləşdirmək və təmizləmək imkanı yaradır:
"Məsələn, Ağ Şəhər ərazisində belə sahələr aşkarlanıb və onların bir hissəsi artıq rekultivasiya olunub. Xüsusilə “Marriott” hotelinin yaxınlığındakı ərazini misal göstərə bilərəm. Hazırda burada rekultivasiya işləri davam etdirilir. Xəzərin şimal hissəsində də bu problemlər mövcuddur. Batmış və istifadəyə yararsız vəziyyətdə qalmış gəmilər var. Onlar üzə çıxdıqca ərazidən kənarlaşdırılır. Qazaxıstan və Rusiya sahillərində də çoxlu çirklənmiş ərazilər üzə çıxır. Əsas məsələ budur".
Rövşən Abbasov əlavə edib ki, ümumilikdə, Xəzər hövzəsində yağıntıların artması dənizin səviyyəsinə təsir göstərə bilər: "Lakin son illərdə bəzi yağıntı faktlarına əsaslanaraq Xəzərin səviyyəsinin dəyişməsi barədə fikir söyləmək olmaz. Əgər Xəzər hövzəsində yağıntıların artması uzun müddət davam edərsə, bu, dənizin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər".
Tibb üzrə elmlər doktoru, səhiyyə eksperti Adil Qeybulla bildirib ki, Xəzərin çirklənməsi epidemioloji və sağlamlıq problemlərinə səbəb ola bilər:
"Bütün dünyada iqlim dəyişiklikləri baş verir. Bu proses Yer kürəsinin termorequlyasiyasının, yəni istilik tənzimləmə mexanizminin pozulması ilə əlaqədardır. Bu, müəyyən mənada qalaktikada baş verən müxtəlif proseslərlə də bağlıdır. Lakin daha çox insan fəaliyyətinin təsiri ilə əlaqələndirilir.
İnsanların çoxsaylı fəaliyyəti, fosil yanacaqların istifadəsi, yanma nəticəsində atmosferə daha çox karbon qazının buraxılması, yaşıllıqların məhv edilməsi, heyvanların və bitkilərin yaşayış mühitinin daraldılması bütövlükdə Yer kürəsinin istilik tənzimləmə mexanizminin pozulmasına səbəb olur. Bu proses qlobal istiləşmə adlandırılır. Əslində isə bu termin baş verənləri tam ifadə etmir.
Hazırda Yer kürəsində temperaturun təxminən 2 dərəcəyə yaxın artması tendensiyası müşahidə olunur. Bu, çox ciddi proqnoz və vəziyyətdir. Nəticədə buzlaqlar əriyir, okeanların səviyyəsi yüksəlir, yağıntıların xarakteri dəyişir və müxtəlif iqlim kataklizmləri baş verir. Bütün bunlar gələcəkdə tamamilə fərqli və əvvəlcədən proqnozlaşdırılması çətin olan fəsadlara gətirib çıxara bilər.
Mütəxəssislər də qeyd edirlər ki, Xəzər dənizi öz əvvəlki səviyyəsindən xeyli geri çəkilib. Bu proses Xəzərin dibindən hansısa istiqamətə suyun axması, yaxud sürətli buxarlanma ilə əlaqəli ola bilər. Hər halda, burada birmənalı səbəb göstərmək çətindir. Qeyd olunan amillər ehtimal olunan səbəblərdir.
Mən düşünürəm ki, Xəzərin çəkilməsi bu akvatoriyada ciddi problemlər yarada bilər. Təsəvvür edin ki, nə qədər tullantı Xəzərə axıdılır, dənizdən nə qədər istifadə olunur. Xəzər müxtəlif yollarla bir sıra ölkələri birləşdirir və burada çoxsaylı iqtisadi və digər fəaliyyətlər həyata keçirilir. Xəzər dənizinin suyunun tədricən geri çəkilməsi region üçün yaxşı heç nə vəd etmir.
Eyni zamanda, Xəzər dənizinin çirklənməsinin də qarşısı alınmalıdır. Əlbəttə, bu akvatoriyaya aid olan ölkələrin hər biri öz məsuliyyətini dərk etməlidir. Həddindən artıq plastik tullantıların, müxtəlif çirkləndirici maddələrin və kanalizasiya sularının Xəzərə axıdılması bütün sahilyanı ölkələrdə müşahidə olunur. Bu məsələlər müzakirə edilməli və müvafiq tədbirlər görülməlidir.
Yəqin elə bir dövr gələcək ki, bu məsələlərin müzakirəsinə ciddi ehtiyac yaranacaq. Xəzərin çirklənməsi epidemioloji və sağlamlıq problemlərinə də səbəb ola bilər. Bütövlükdə, dəniz məhsullarının miqdarı da tədricən azala bilər. Çünki dənizdə fauna dəyişə bilər.
Faunanın dəyişməsi orada yaşayan canlıların sayının azalmasına, bəzi növlərin isə tamamilə yox olmasına gətirib çıxara bilər. Bütün bunlar ciddi və arzuolunmaz proqnozlardır".