ASTARA, 6 mart. TELEQRAF

Astara Dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə diplomatların təxliyəsi davam etdirilir.

Teleqraf-ın Cənub bürosunun verdiyi məlumata görə, hazırda Rusiya, Xorvatiya və Çexiya səfirliklərinin nümayəndələri sərhəd-buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olublar.

Rusiya səfirliyinin nümayəndəsi bildirib ki, son günlər ərzində xeyli sayda Rusiya vətəndaşı da sərhədi keçib və bu prosesin davam edəcəyi gözlənilir. Onun sözlərinə görə, Azərbaycan tərəfinin göstərdiyi əməkdaşlıq və uzatdığı yardım əlinin bundan sonra da davam edəcəyinə ümid edirlər.

Diplomatlar Azərbaycan hökumətinə göstərilən köməyə və humanitar dəhlizin yaradılmasına görə təşəkkür edərək bunu mətbuat nümayəndələrinə də bildiriblər.

Təxliyə olunan Çexiyanın İrandakı səfiri Vitezslav Grepl Astara Dövlət sərhədində Azərbaycan mediasına açıqlama verib.

Səfir Azərbaycanın sülhpərvər ölkə olduğunu vurğulayıb və Naxçıvanda baş vermiş hadisələrdən çox təəssüfləndiyini bildirib:

"Çox təəssüf edirəm. Bu hadisə ilə bağlı hər nə baş veribsə, doğrudan da üzgünəm. Çünki mən əvvəllər Azərbaycanda olmuşam. Bu, sülhsevər bir ölkədir. Belə bir hücumun niyə baş verə biləcəyinə heç bir səbəb görmürəm".