BAKI, 11 sentyabr. TELEQRAF
"Biz qanunların qəbul olunması ilə kifayətlənə bilmərik. Qanun cəmiyyətdə işlək mexanizmə çevrilməlidir. Qanunun real həyatda, praktikada və idarəetmədə tam şəkildə həyata keçirilməsi, tətbiq edilməsi və icra olunması prosesindəki çətinlikləri, boşluqları müəyyən etməliyik".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib. O bildirib ki, icra mexanizmləri zəif olduqda, ən mükəmməl qanunlar da praktiki olaraq işləmir:
"Bizim bir çox ölkələrdən daha güclü qanunvericiliyimiz var. Amma hansı formada icra olunur, bu ayrı məsələdir. Biz bunu dəfələrlə danışırıq, deyirik ki, yerlərdə qanun işləsin, insanlar bunu dərk eləsin. Biz məişət zorakılığı ilə bağlı hər dəfə qanunu gücləndiririk, yeni-yeni əlavələr olur, amma yenə də biz bu problemlərlə rastlaşırıq. Yenə də ayrı-ayrı bölgələrdə belə faktlar üzə çıxır", - deyə komitə sədri bildirib.