BAKI, 12 noyabr. TELEQRAF
"Vaxtilə Ümummilli Lider Heydər Əliyevin səsləndirdiyi “Əminəm ki, Azərbaycanın ilk demokratik Konstitusiyası xalqımızın demokratiya, milli dövlətçilik yolu ilə getməsini təmin edəcək və gələcək nəsillərə sivilizasiyalı, yüksək səviyyəli, dünya demokratiyasında özünəməxsus yer tutan müstəqil Azərbaycan dövləti miras qoyacağıq” fikirləri bu gün öz tarixi təsdiqini tapır. Artıq beynəlxalq aləmdə Azərbaycan milli maraqlarına və dəyərlərinə, beynəlxalq hüququn norma və prinsiplərinə sadiq, müasir, demokratik, müstəqil və güclü dövlət kimi qəbul olunur".
Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, 31 il əvvəl, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi, yəni referendum yolu ilə qəbul edildi: "Bu hadisə müstəqil dövlət quruculuğu tariximizin ən vacib mərhələlərindən biri oldu. Altı il əvvəl isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın davam edən Ermənistan işğalına son qoyaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin əsası qoyuldu.
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edib. Lakin müstəqilliyimizin bərpası elə mürəkkəb və ağır şəraitdə baş vermişdi ki, xalqımız bu tarixi hadisənin sevincini tam yaşaya bilmədi. Ölkə siyasi böhran, iqtisadi tənəzzül, daxili qarşıdurmalar və Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi, hətta dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi yaranmışdı. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədəki vəziyyətin nə qədər ağır və mürəkkəb olduğunu dərindən dərk edirdi. O, bu məsuliyyəti üzərinə götürməklə öz həyatını və ailəsinin həyatını böyük təhlükə qarşısında qoyduğunu yaxşı anlayırdı. Buna baxmayaraq, böyük dövlət xadimi tarixi məsuliyyətdən çəkinmədi. Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, daxili separatizmdən, iqtisadi və siyasi böhrandan xilas etdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir".
Deputat qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük əzmkarlıq, qətiyyət və güclü siyasi iradə ilə davam etdirildi: "Nəticədə Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi, dövlətimizin siyasi və iqtisadi qüdrəti daha da artdı. Azərbaycan XXI əsrdə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi tarixə düşdü. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin dünya birliyində mövqeyinin gücləndirilməsi baxımından da böyük ictimai-siyasi əhəmiyyət daşıyırdı. Dahi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindən biri də müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasına rəhbərlik etməsi idi. Ulu Öndər bu barədə deyirdi: “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik. Haqqım var, deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd, siyasi-hüquqi sənəd yaratmışıq”. Həqiqətən də, Konstitusiya hər bir dövlətin siyasi və hüquqi sisteminin əsasını təşkil edir. Dövlət hakimiyyətinin təşkili prinsiplərini, insan və vətəndaş hüquq və azadlıqlarını, hakimiyyət bölgüsünü, qanunun aliliyini və demokratik idarəçilik prinsiplərini müəyyənləşdirir. Eyni zamanda, cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edən mühüm ideoloji funksiyanı yerinə yetirir".
Professor vurğulayıb ki, Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi müəyyənləşdirilməsidir: "Bu müddəa dövlət siyasətinin mərkəzində insan amilinin, onun hüquq və azadlıqlarının dayandığını aydın şəkildə göstərir. Azərbaycan Respublikasının Konstitusiyasında ailənin mahiyyəti, ailə üzvlərinin hüquq və vəzifələri də öz əksini tapmışdır. Əsas Qanunumuzda ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlər arasında ahəngdarlıq qorunur. Biz qanunun aliliyinə hörmətlə yanaşdığımız kimi, milli adət-ənənələrimizin və ailə dəyərlərimizin qorunmasına da böyük önəm veririk.
Konstitusiyanın müddəaları əsas götürülərək 2000-ci ildə Ailə Məcəlləsinin qəbul edilməsi ailə münasibətlərinin hüquqi tənzimlənməsində vacib mərhələ oldu. Məcəllənin 29-cu maddəsində Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduğu qeyd edilir. Eyni zamanda, ər-arvadın ailə münasibətlərini qarşılıqlı yardım və hörmət əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı və sağlamlığı üçün əlverişli şərait yaratmalı olduqları vurğulanır.
Möhtərəm Prezident cənab İlham Əliyevin “Ailə bizim cəmiyyətimizin əsas sütunudur” fikri ailə institutunun dövlət və cəmiyyət həyatındakı əhəmiyyətini bir daha ifadə edir. Ailə bioloji bağlılıqdan daha geniş məna daşıyır. Burada sevgi, qarşılıqlı hörmət, mənəvi məsuliyyət və qayğı əsas yer tutur. Xüsusilə uşaqların və gənclərin şəxsiyyət kimi formalaşmasında valideynlərin rolu əvəzsizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasında ailə dəyərlərinin qorunması və tərbiyənin əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər dövlətimizin bu sahədəki siyasətinin prioritetlərini bir daha təsdiqləyir. Ailə cəmiyyətin təməl daşı, milli kimliyimizin və mənəvi dəyərlərimizin əsas daşıyıcısıdır. Uşaqların sağlam ruhda böyüməsi, milli-mənəvi dəyərlərə bağlı vətəndaş kimi yetişməsi ailədə və məktəbdə aldıqları tərbiyədən birbaşa asılıdır. Bununla yanaşı, cəmiyyətdə formalaşan ümumi mənəvi mühit də bu prosesə ciddi təsir göstərir. Dövlət başçımızın vurğuladığı kimi, bu məsələlər daim diqqət mərkəzində saxlanılmalı, müvafiq qurumlar öz məsuliyyətlərini dərindən dərk etməlidirlər.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Əsas Qanunumuz qadın və kişilərin bərabər hüquqlarını, hər kəsin əmək qabiliyyətinə uyğun olaraq sərbəst şəkildə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiyada qadın və kişinin hüquq bərabərliyi təsbit olunmaqla, demokratik cəmiyyət quruculuğunda qadınların fəal iştirakının möhkəm hüquqi əsası yaradılmışdır. Sonrakı illərdə nikah yaşının tənzimlənməsi, nikaha məcburetmə hallarının qarşısının alınması, nikahdan əvvəl tibbi müayinənin tətbiqi, erkən nikahların və qohum evliliklərinin məhdudlaşdırılması istiqamətində qanunvericiliyə mühüm əlavə və dəyişikliklər edilmişdir. Himayədar ailə institutunun hüquqi əsaslarının yaradılması, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə mübarizə, uşaqların zərərli informasiyadan qorunması sahəsində qəbul edilən qanunlar ailə institutunun müdafiəsi baxımından əhəmiyyətli nəticələrdir".
Hicran Hüseynova qeyd edib ki, ailələrdə sağlam mühitin formalaşdırılması, ailə bütövlüyünün qorunması və hər bir şəxsin hüquqlarının təmin edilməsi məqsədilə qanunvericilik bazamız daim təkmilləşdirilir: "Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini və həyata keçirdiyi layihələri də xüsusi qeyd etmək lazımdır. Mehriban xanımın rəhbərlik etdiyi Fond cəmiyyətimizdə uzun illər mövcud olmuş stereotiplərin aradan qaldırılmasına, fərqli inkişaf ehtiyacları olan uşaqların cəmiyyətə inteqrasiyasına mühüm töhfələr verib. Daun sindromlu, autizm spektr pozuntusu olan və digər qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan inkişaf və reabilitasiya mərkəzləri bu baxımdan böyük əhəmiyyət daşıyır. Əvvəllər belə uşaqların bir çoxu cəmiyyətdən təcrid olunmuş vəziyyətdə qalırdı. Bu gün isə yaradılan imkanlar sayəsində onlar inkişaf edir, yeni bacarıqlar qazanır, təhsil alır, müxtəlif fəaliyyətlərdə iştirak edir və cəmiyyətə inteqrasiya olunurlar. Bu layihələr uşaqların özləri ilə yanaşı, onların valideynləri və ailələri üçün də böyük mənəvi dəstəkdir. Hesab edirəm ki, belə təşəbbüslər cəmiyyətimizdə humanizm, bərabər imkanlar və sosial məsuliyyət prinsiplərinin möhkəmlənməsinə xidmət edir.
Təbii ki, ölkədə hüquqi, siyasi, sosial və iqtisadi münasibətlər dəyişdikcə, ictimai həyat inkişaf etdikcə Konstitusiyanın ayrı-ayrı müddəalarının təkmilləşdirilməsi, müvafiq əlavə və dəyişikliklərin edilməsi də zərurətə çevrilir. Bu ehtiyacdan irəli gələrək 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlar nəticəsində Əsas Qanuna mühüm əlavə və dəyişikliklər edilmişdir. Müasir dövrün çağırışlarını nəzərə alan Konstitusiya islahatları demokratik dəyərlərin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, ölkəmizdə demokratikləşmə proseslərinin daha da dərinləşdirilməsinə xidmət etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu islahatlar ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində də mühüm hüquqi imkanlar yaradıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasət nəticəsində Azərbaycan hərtərəfli və sürətli inkişaf yoluna qədəm qoymuşdur. Bu müddətdə dövlətimizin beynəlxalq mövqeləri möhkəmlənmiş, siyasi və iqtisadi qüdrəti artmış, regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Otuz ilə yaxın davam edən Ermənistan işğalına son qoyulmuş, Qarabağ və Şərqi Zəngəzur azad edilmişdir. Bu tarixi Qələbə xalqımızın birliyinin, ordumuzun gücünün və Ali Baş Komandanın qətiyyətli siyasi iradəsinin nəticəsidir. Bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, müasir dünya siyasətini və iqtisadi prosesləri dərindən bilən, yüksək intellektə və praqmatik düşüncəyə malik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da genişmiqyaslı fəaliyyəti ilə ölkəmizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və zəngin mədəni irsini beynəlxalq aləmdə uğurla təbliğ edir.
Əminik ki, Prezident İlham Əliyev xalqımızın dəstəyi ilə dövlətimiz qarşısında duran taleyüklü vəzifələrin həyata keçirilməsini bundan sonra da uğurla davam etdirəcək, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik irsini yeni nailiyyətlərlə zənginləşdirəcəkdir.
Azərbaycan Respublikasının Konstitusiyası bu gün də müstəqil dövlətimizin hüquqi təməli, milli dövlətçilik ideologiyamızın əsas dayaqlarından biridir. Onun qəbul edilməsi ilə əsası qoyulan hüquqi dövlət quruculuğu yolu ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb".