BAKI, 13 noyabr. TELEQRAF

"Cari ilin 10 ayında qeyri-neft-qaz sektoru 2,9% artıb. ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin olunub. Bu dövrdə qeyri-neft-qaz sənayesi 5,9%, nəqliyyat 10,2%, informasiya və rabitə 9,9% artıb".

Teleqraf xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə ilcasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, cari ilin 10 ayında qeyri-neft-qaz ixracı da artıb: “Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı ötən ilin müvafiq dövrünə nisbətən 20%-dən çox artaraq 3,6 milyard dollara çatıb, bunun 60%-dən çoxu sənaye məhsullarıdır.

Eyni zamanda sahibkarların maliyyəyə çıxış alətlərinin, zəmanət və subsidiya mexanizmlərinin tətbiq dairəsi genişləndirilib, ixracatçıların daşınma və gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi kompensasiya olunur. İnvestisiya təşviqi mexanizmi bir sıra strateji sahələrə, o cümlədən aqroparklara və müasir istixanalara da şamil edilir".

Nazir müavini bildirib ki, sahibkarların maliyyəyə çıxış alətlərinin, zəmanət və subsidiya mexanizmlərinin tətbiq dairəsi genişləndirilib, ixracatçıların daşınma və gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi kompensasiya olunur: “İnvestisiya təşviqi mexanizmi bir sıra strateji sahələrə, o cümlədən aqroparklara və müasir istixanalara da şamil edilir.

Sahibkarlığa dövlət dəstəyi işğaldan azad edilmiş ərazilərimizdə xüsusi əhəmiyyət daşıyır, çünki Böyük Qayıdışın dayanıqlılığı orada yaradılan iş yerlərindən və istehsaldan asılıdır. Bu ərazilərdə özəl sektorun inkişafı üçün geniş güzəştlər və azadolmalar tətbiq olunur. Azərbaycan Biznesinin İnkişafı Fondunun bu ərazilər üçün təqdim etdiyi kredit məhsulu kənd təsərrüfatı və akvakultura ilə yanaşı, təhsil, sosial xidmətlər və İKT layihələrini də əhatə edir və özəl sektorun bərpa işlərinə töhfə verməsinə şərait yaradır. Bundan əlavə, həmin ərazilərdə idxalda vergi və gömrük güzəştlərinin tətbiq olunduğu fəaliyyət sahələrinin sırasına elmi tədqiqat və işləmələr də daxil edilib. Bu güzəşt həmin ərazilərdə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan subyektlər üçün avadanlıq və material xərclərini azaldır, elmlə istehsal arasında əlaqələrin gücləndirilməsinə əlavə imkan yaradır”.