BAKI, 13 noyabr. TELEQRAF
“100 hektar örüş sahəsini icarəyə götürmüş və 500 baş qoyun sahibi olan vətəndaşlarımız üçün nəzərdə tutulan, qoyunbaşına hesablanan subsidiya həmin örüş sahələrinin yaxşılaşdırılması üçün ayrılıb”.
Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, hazırda nazirlik qoyunçuluqda ekstensiv təsərrüfatçılığı dəstəkləyir:
“Bu da örüş sahələrinin yaxşılaşdırılmasının prioritet əhəmiyyətini ortaya qoyur. Aparılan araşdırmalar göstərir ki, illər keçdikcə iqlim dəyişiklikləri nəticəsində örüş sahələrimizin yem ehtiyatları azalıb.
Örüş sahələrinin yaxşılaşdırılmasını həyata keçirəcək təsərrüfat sahibinin ayrılan subsidiya ilə yanaşı, özünün də investisiya yatırması zəruridir. Bu öhdəliyin kiçik təsərrüfatlardan daha çox iri təsərrüfatların üzərinə qoyulması məntiqli görünür. Məhz bu səbəbdən 100 hektardan artıq torpaq sahəsini icarəyə götürmüş və 500 baş qoyun sahibi olan vətəndaşlarımıza torpaqların yaxşılaşdırılması məqsədilə subsidiya verilir”.