BAKI, 12 noyabr. TELEQRAF

"Qanun layihəsinə daxil edilən göstəricilərin Hesablama Palatası tərəfindən qiymətləndirilməsi həyata keçirilib, qanun layihəsində əks etdirilmiş məbləğlərin əsasən düzgün olduğu, bəzi məbləğlərin dəqiqləşdirilməsinə ehtiyac olduğu qənaətinə gəlinib".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov deyib.

O bildirib ki, ilk dəfə olaraq izahatda orta müddətli xərclər çərçivəsi islahatlarına cəlb edilmiş sektorlar üzrə 2027-ci il üzrə nəzərdə tutulan proqramların sayı və həmin proqramların həyata keçirilməsi üçün nəzərdə tutulan vəsaitin həcmi haqqında məlumat təqdim edilib:

"Bununla yanaşı, gəlir və xərclərin dəqiq müəyyənləşdirilməməsi, eləcə də xərclərin diferensiallaşdırılmaması və yuxarı qurum qarşısında hesabatlılığın yetərincə təmin olunmaması, xüsusilə də Olimpiya İdman Kompleksləri sahəsində Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbirinin nəticəsi bizə onu deməyə imkan verir ki, subsidiyanın məbləğinin iqtisadi mahiyyətinə uyğun müəyyənləşdirilməməsi ilə nəticələnib. Qeyd etmək istəyirik ki, aparılmış nəzarət tədbirinin nəticələri Olimpiya İdman Kompleksləri baxımından həmin komplekslərin maliyyə sərbəstliyinin artırılmasına və buna nail olunmasına vaciblik nəzarət tədbiri ilə öz təsdiqini tapıb".