BAKI, 13 noyabr. TELEQRAF
"Çox qısa müddətdən sonra 2026-cı il başa çatacaq. Ötən dövr ərzində dünyada hökm sürən geosiyasi proseslər, müharibələr, ticarət və logistika sahəsində yaranan məhdudiyyətlər qlobal iqtisadi müstəvidə qeyri-müəyyənliyi daha da artırmışdır. Bütün bu hadisələrin fonunda, prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan iqtisadiyyatı qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda yüksək dayanıqlıq nümayiş etdirmişdir”. Əlbəttə ki, bu aparılan düzgün dövlət siyasətinin nəticəsidir. “Böyük Qayıdış” planı uğurla həyata keçirilir. Hazırda mövcud vəziyyətlə bağlı təhlükəsizlik, xüsusi ilə kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, eləcə də süni intellekt məsələləri daha da aktuallaşır".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə ilcasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, ənənəvi olaraq, ölkənin vacib maliyyə sənədi müvafiq dövlət qurumlarının rəhbərləri ilə Milli Məclis Komitələrinin birgə iclaslarında müzakirə olunur, təkliflər verilir: “Dövlət büdcəsi ölkənin qarşıdakı maliyyə ili üçün nəzərdə tutulan əsas gəlir və xərclərini əks etdirən mərkəzləşdirilmiş maliyyə sənədidir. Burada əsas məsələ, dövlət büdcəsi xərclərinin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunluğu, dayanıqlı pensiya təminatı sisteminin formalaşması ilə bağlı çağırışlar, mövcud demoqrafik proseslər və bununla bağlı gələcək proqnozlar, iqlim dəyişikliklərinin dövlət xərclərinə və gəlir dayanıqlığına təsiri kimi məsələlərin təhlil edilməsi və qarşıda dayanan vəzifələrin qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan 2027-ci il dövlət büdcəsini həm də strateji sənəd kimi qəbul etmək olar.
Azərbaycan xarici dövlət borcu az olan ölkələr sırasındadır. Bu, ölkənin iqtisadi siyasətində prudent (ehtiyatlı) maliyyə idarəçiliyinin və aşağı borc səviyyəsinin qorunub saxlanılmasının nəticəsidir. Bizə təqdim olunan büdcə zərfində də qeyd olunur ki, 2026-cı il 1 oktyabr tarixinə dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 17, 3 faizdir. Bu, beynəlxalq təhlükəsizlik hədlərindən, yəni 30 faizlik təhlükəsiz həddindən xeyli aşağıdır. Bu göstərici ölkənin iqtisadi müstəqilliyini artırır və xarici maliyyə bazarlarındakı risklərdən qorunmağa kömək edir. Bu beynəlxalq qurumlar tərəfindən ölkənin ən böyük makroiqtisadi üstünlüklərindən biri kimi qiymətləndirilir. Beynəlxalq agentliklər qeyd edirlər ki, aşağı borc yükü və Azərbaycan Respublikası Dövlət Neft Fondunun malik olduğu əhəmiyyətli valyuta aktivləri ölkəni qlobal iqtisadi böhranlardan və xarici şoklardan qoruyur.
Beynəlxalq reytinq agentlikləri -"S&P Global Ratings", "Moody's Ratings", "Fitch Ratings"- Azərbaycanın suveren kredit reytinqi və iqtisadi dayanıqlığını sabit/investisiya reytinqləri çərçivəsində saxlayır. Qlobal miqyasda geosiyasi və iqtisadi çağırışların artdığı bir dövrdə, bu qiymətləndirmələr ölkəmizə olan etimadın gücləndiyini, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanın beynəlxalq investorlar üçün daha da cəlbedici məkana çevrildiyini təsdiq edir”.
Komitə sədri bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məsələsi daim gündəlikdədir: "Heç bir iqtisadi çətinliklər bu prosesə mane olmayıb. Əksinə, bütün növdən olan pensiya, sosial müavinət, təqaüdlər və digər ödənişlərin məbləği hər il artıb. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə aztəminatlı və həssas təbəqədən olan insanların, Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsi üçün nəzərdə tutulan layihələr davam etdirilir. Gözənildiyi kimi, gələn il də dövlət büdcəsi sosial yönümlü olacaqdır. Gələn il xüsusi ilə bir sıra birdəfəlik və aylıq sosial müavinətlərin, o cümlədən, uşağın doğulmasına görə birdəfəlik, 3 yaşınadək uşaqlara qulluğa görə aylıq müavinətlərin əsaslı şəkildə artımını qeyd edə bilərik. Hər il olduğu kimi, məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan uşaqlar və onların ailə üzvləri ilə sosial, psixoloji və sosial-psixoloji işin təşkili və digər bu qəbildən olan məsələlərlə bağlı dövlət büdcəsində vəsait ayrılıb”.