BAKI, 12 noyabr. TELEQRAF
“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 340-ı keçib, 2027-ci ildən onlar üçün vergi güzəştlərinin müddəti 3 ildən 7 ilədək uzadılır.
Teleqraf xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, bundan əlavə, 2027-ci ildən etibarən dövlət payı 51%-dən az olan texnologiya parklarının rezidentləri üçün 20 illik vergi güzəştləri paketi tətbiq olunacaqdır: mənfəət, əmlak və torpaq vergisindən azadolma və sosial siğorta güzəşti, işçilərin əmək haqqına isə sıfır faizli gəlir vergisi: "İri sahibkarlara bu güzəşt müəyyən ixrac şərti ilə tətbiq ediləcəkdir. Vençur fondları və kraudfandinq üçün hüquqi çərçivə yaradılıb. Bu, sahibkarlara ideyalarını yalnız bank krediti ilə deyil, investor kapitalı ilə də maliyyələşdirməyə imkan verəcək”.
Nazir müavini bildirib ki, Azərbaycan Biznesinin İnkişafı Fondunun xətti ilə bu ilin 10 ayı ərzində 110-dan çox gənc sahibkara 6 mln. manatdan çox kredit ayrılıb: "Bu kreditlər hesabına sənaye məhsullarının istehsalı, kənd təsərrüfatı, xidmət, turizm kimi sahələrdə layihələr icra edilib. Həmçinin insan kapitalının inkişafı məqsədilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi beynəlxalq platformalarla əməkdaşlıq çərçivəsində təlimlər təşkil edir.
Dünyanın aparıcı şirkətləri ilə məlumat mərkəzləri və süni intellekt infrastrukturu üzrə strateji tərəfdaşlıq yüksək ixtisaslı gənc mütəxəssislər üçün yeni imkanlar açır".
Azər Bayramov vurğulayıb ki, turizm, yaradıcı sənayelər və idman xidmət ixracının perspektivli istiqamətləridir: "Beynəlxalq idman və mədəni tədbirlər ölkənin tanıdılması ilə yanaşı, turist axınını, mehmanxana, nəqliyyat və iaşə xidmətlərinə tələbi artırır, kiçik və orta sahibkarlar üçün əlavə sifarişlər yaradır. Qarşıdakı dövrdə məqsəd bu tədbirlərin yaratdığı effekti davamlı turizm axınına və xidmət ixracına çevirməkdir”.