BAKI, 12 noyabr. TELEQRAF

“Müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər Avropa dövlətlərini təhlükəsizlik, enerji təminatı və iqtisadi dayanıqlılıq məsələlərinə yeni yanaşmalar axtarmağa sövq edir. Bu baxımdan noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə görüşü yalnız qitənin mövcud problemlərinin müzakirəsi deyil, həm də gələcək əməkdaşlıq modelinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın bu proseslərdə iştirakı isə ölkəmizin Avropa siyasi məkanında artan strateji çəkisinin göstəricisidir”.

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Dublin Sammitinin əsas mövzusu olan “Güclü, təhlükəsiz və əlaqəli Avropa” konsepsiyası əslində üç mühüm istiqaməti birləşdirir: siyasi sabitlik, iqtisadi rəqabətqabiliyyətlilik və strateji bağlantılar: “Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Avropanın təhlükəsizliyi artıq yalnız hərbi və müdafiə mexanizmləri ilə məhdudlaşmır. Enerji mənbələrinin şaxələndirilməsi, etibarlı nəqliyyat dəhlizlərinin formalaşdırılması və texnoloji müstəqilliyin gücləndirilməsi də təhlükəsizlik siyasətinin ayrılmaz komponentlərinə çevrilib. Məhz bu reallıq Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini daha da artırır. Ölkəmiz artıq yalnız enerji ehtiyatlarının ixracatçısı deyil, həm də Avrasiyanın iqtisadi və nəqliyyat inteqrasiyasında mühüm iştirakçıdır. Cənub Qaz Dəhlizi Avropanın enerji təchizatının şaxələndirilməsinə real töhfə verir. Eyni zamanda, Xəzər–Qara dəniz–Avropa yaşıl enerji dəhlizi Azərbaycanın ənənəvi enerji tərəfdaşlığını yeni, uzunmüddətli strateji müstəviyə çıxarır.

Növbəti istiqamət nəqliyyat bağlantılarıdır. Orta Dəhlizin inkişafı Avropa ilə Mərkəzi Asiya arasında daha etibarlı ticarət marşrutlarının formalaşması deməkdir. Azərbaycanın bu prosesdəki üstünlüyü təkcə əlverişli coğrafi mövqeyindən deyil, illər ərzində yaradılmış müasir nəqliyyat və logistika infrastrukturundan qaynaqlanır. Avropa İttifaqının “Global Gateway” təşəbbüsü çərçivəsində əməkdaşlığın genişlənməsi isə bu potensialın yeni investisiya və iqtisadi layihələrə çevrilməsi üçün imkanlar yaradır”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan–Avropa münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərən hadisələrdən biri də 2026-cı il martın 11-də Bakıda Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilmiş görüşdür: “Birgə bəyanatda siyasi dialoqun, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi təsdiqləndi. Bu, münasibətlərin ayrı-ayrı layihələrdən daha geniş strateji tərəfdaşlıq modelinə keçməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycanın regional sülh gündəliyi Avropa ilə siyasi dialoqun mühüm istiqamətinə çevrilir. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar və sonrakı normallaşma addımları Cənubi Qafqazın geosiyasi perspektivlərini dəyişir. Azərbaycan–Ermənistan münasibətlərində sülhün möhkəmlənməsi yalnız iki dövlət üçün deyil, bütövlükdə Avrasiyada yeni kommunikasiya imkanlarının açılması baxımından strateji əhəmiyyət daşıyır. Dayanıqlı sülhün əsas təminatlarından biri siyasi razılaşmaların konkret iqtisadi əməkdaşlıqla möhkəmləndirilməsidir”.

“Bu kontekstdə 2028-ci ilin mayında Avropa Siyasi Birliyinin 12-ci Zirvə görüşünün Bakıda keçirilməsi xüsusi siyasi məna daşıyır. Azərbaycan və Ermənistanın sammitlərə ev sahibliyi ilə bağlı bir-birinin namizədliyini qarşılıqlı dəstəkləməsi regionda formalaşan yeni siyasi reallıqların göstəricisidir. Bakı Sammiti müxtəlif siyasi mövqelərə malik dövlətlərin qarşılıqlı maraqlar əsasında dialoq aparması üçün real imkan yaradacaq” – deyən Sevinc Fətəliyevanın fikrincə, əslində, Azərbaycanın diplomatik üstünlüyü müxtəlif geosiyasi məkanlarla münasibətlərini qarşıdurma deyil, əməkdaşlıq prinsipi üzərində qurmasındadır. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və praqmatik xarici siyasət nəticəsində ölkəmiz regional proseslərin iştirakçısından onların istiqamətini müəyyənləşdirən mühüm aktorlardan birinə çevrilib.

“Dublin Sammitindən 2028-ci il Bakı Zirvə görüşünə uzanan diplomatik prosesin əsas mahiyyəti də bundan ibarətdir: Azərbaycan artıq Avropa ilə əməkdaşlıq imkanlarını yalnız müzakirə edən deyil, həmin əməkdaşlığın gələcək arxitekturasının formalaşmasında fəal iştirak edən dövlətdir”, – deyə S.Fətəliyeva vurğulayıb.