BAKI, 13 noyabr. TELEQRAF

"Elmi nəticələrin iqtisadiyyata tətbiqi üçün də stimullar genişləndirilir. 2027-ci ildən texnologiya parklarının rezidentləri üçün tətbiq olunacaq 20 illik vergi güzəştləri paketi elmi işləmələrin istehsala çevrilməsinə əlavə stimul verəcək. Vençur fondları və kraudfandinq üçün yaradılmış hüquqi çərçivə isə innovativ layihələrin investor kapitalı ilə maliyyələşdirilməsinə imkan verir".

Teleqraf xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə ilcasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, iqtisadi artımın yaratdığı imkanların cəmiyyətin bütün təbəqələri üçün əlçatan olması dayanıqlı inkişafın mühüm şərtidir: “Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması məşğulluğun artırılmasında mühüm amildir. Bu gün ölkədə fərdi sahibkar kimi qeydiyyatda olan qadınların sayı 363 mindən çoxdur. Təsisçisi qadın olan kommersiya hüquqi şəxslərin sayı 34 mindən çoxdur, rəhbəri qadın olan kommersiya qurumlarının sayı isə 30 minə yaxındır”.

Azər Bayramov bildirib ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən bu ilin 10 ayında 500-ə yaxın qadın sahibkarın investisiya layihələrinin maliyyələşdirilməsinə 22 milyon manatdan çox güzəştli kredit verilib: “Vəsaitlər kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye məhsullarının istehsalı, akvakultura, turizm və xidmət sahələrindəki layihələrə yönəldilib. Qadın sahibkarlar ənənəvi xidmətlərlə yanaşı, istehsal və emal sahələrinə, əlavə dəyər yaradan fəaliyyətə daha çox maraq göstərirlər. Bu layihələrin əhəmiyyətli hissəsinin regionlarda reallaşması yerli məşğulluğa və regionların iqtisadi canlanmasına töhfə verir”.

Nazir müavini qeyd edib ki, İqtisadiyyat Nazirliyinin və Elm və Təhsil Nazirliyinin qurumları tərəfindən “Coursera” şirkəti ilə birgə həyata keçirilən “4Sİ Akademiyası – Milli Proqram” vətəndaşlara dünyanın aparıcı universitetlərinin və texnologiya şirkətlərinin onlayn təlimlərindən ödənişsiz yararlanmaq imkanı verir: "Bu proqram çərçivəsində 2025-ci ilin aprelindən bəri qadınlar 70 mindən çox təlimi tamamlayıb, maşın öyrənməsi və data analitikası üzrə tamamlanan təlimlərdə onların payı isə 42%-dən 59%-ə yüksəlib".