BAKI, 13 noyabr. TELEQRAF
"Son illərdə demək, həyata keçirilən strategiya çərçivəsində bir sıra geniş islahatlar öz nəticəsini verməkdədir. Qeyd etmək istərdim ki, əgər 2013-cü ildə məktəbəqədər təhsillə əhatə olunan 1-5 yaşlı uşaqların çəkisi 16% idisə, bu gün bu rəqəm 42% təşkil edir. 104 mindən çox müəllimin sertifikasiyası həyata keçirilib. 91 mindən çox müəllimin əmək haqqına əlavələr edilib".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
O qeyd edib ki, son illər ərzində məktəbəhazırlıq qrupları və icma əsaslı qruplar alternativ modelləri istifadə edirik: "Bu ildən etibarən 8000 uşağı valideyn-dövlət-özəl tərəfdaşlığına cəlb etmişik. Xidməti özəl müəssisə göstərir. Dövlət hər bir uşaq üçün özəl məktəbəqədər təhsil müəssisəsindəki təhsil haqqının 70%-ni ödəyir. Hazırkı qiymətlərlə Bakıda aylıq 300 manat, 350 manatdan çox olmamaq şərtilə, regionlarda aylıq 250 manatdan çox olmamaq şərtilə.
Növbəti il bu təşəbbüs üçün 37.5 milyon manat nəzərdə tutulub. Biz düşünürük ki, 12 min uşağı özəl sektorun inkişafı ilə məktəbəqədər təhsilə cəlb edəcəyik. 2030-cu ilə qədər olan planımız 30 min uşağı əhatə etməkdir. Maraqlı bir məqam ondan ibarətdir ki, burada ayrılan vəsaitlərin böyük bir hissəsi dolayısı olaraq yenidən dövlətə qayıdır. Əgər bu islahatı biz tam olaraq yerinə yetirsək, 18 milyon manat Dövlət Sosial Müdafiə Fonduna, 12 milyon manat isə Dövlət Vergi Xidmətinə vergi gəlirləri olaraq qayıdacaq. Bu islahat bütünlükdə minlərlə Azərbaycan qadını üçün məşğulluğa cəlb olunma imkanıdır. Eyni zamanda 6000 nəfər vətəndaşımız üçün məşğulluq imkanıdır. Sahibkarlığın və regionların inkişafına bu layihə ümid edirəm ki, böyük dəstək verəcək".