BAKI, 13 noyabr. TELEQRAF
“Əvvəlki illərdə olduğu kimi, 2027-ci ilin büdcəsi də sosialyönümlüdür. Növbəti ilin büdcəsində də sosial müavinət və təqaüdlərin artırılması nəzərdə tutulur. Eyni zamanda, qürur hissi ilə qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, büdcədə vəsaitin artırılması nəzərdə tutulan sahələrdən biri də təhsildir:
“Bu, onu göstərir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə xüsusi qayğısı var. Eyni diqqəti digər sahələrdə də görürük. Cənab Prezident Yeni Azərbaycan Partiyasının qurultayında ideoloji təhdidlərin yalnız fiziki olmadığını vurğulamışdı. Bu mənada məktəb və bağçalar hazırkı dövrdə həm də ideoloji mərkəz rolunu oynayır. Bu müəssisələrə yanaşmada əsas meyar yalnız qənaət deyil, həm də ideoloji iş olmalıdır. Onu da qeyd etmək istəyirəm ki, ötən il digər bölgələrdə fəaliyyət göstərən məcburi köçkün məktəblərinin mərhələli məskunlaşdırma aparıldıqca bağlanmasını təklif etmişdim. Lakin bir sıra məktəblər məskunlaşdırma aparılmadan bağlandı və ya fəaliyyət göstərdikləri ərazilərin təhsil idarələrinə verildi. Fürsətdən istifadə edib bu məsələyə cari ildə daha həssas yanaşılmasını xahiş edirəm”.
Deputat bildirib ki, bu gün təhsil sahəsində həllini gözləyən vacib məsələlər var:
“Bəzi universitetlərdə müəllimlərin maaşı orta məktəb müəllimlərinin məvacibindən aşağıdır. Bəzən bu fərq iki dəfəyə çatır. Bu məsələyə baxılmasına ehtiyac var. Sertifikasiya ilə bağlı iki məqama toxunmaq istəyirəm. Sertifikasiyadan keçən müəllimlərin maaşları artırılır, bu, çox önəmli addımdır. Ancaq hesab edirəm ki, 10 və 35% nisbətinə yenidən baxmalıyıq. Bu nisbətin ən azı 10, 25 və 35% olmasını təklif edirəm. Digər məsələ budur ki, sertifikasiyadan keçən müəllimlərin maaşı artır, lakin proses uzun çəkdiyindən hələ sertifikasiyadan keçməyən xeyli müəllimimiz var. Onların da maaşının az da olsa artırılması bu insanlara böyük dəstək olardı.
Elm sahəsində, xüsusilə də Azərbaycan Milli Elmlər Akademiyasında çalışanların maaşlarının az da olsa artırılmasına ehtiyac var. Ən azından elmi dərəcələrə görə ödənilən məbləğin artırılmasını təklif edirəm. Ailə, qadın və uşaq məsələlərinə gəldikdə isə, son vaxtlar bu sahədə də müəyyən narahatedici proseslər gedir. Boşanmaların artmasının qarşısının alınması və gənclərin ailə qurmağa təşviq edilməsi məqsədilə gənc ailələrə əlavə dəstək verilməlidir. Eyni zamanda, bu gün uşaqların sağlam qidalanmasının təmin olunması istiqamətində də addımlar atılmalıdır”.
Ceyhun Məmmədov vurğulayıb ki, kənd təsərrüfatı sahəsinə verginin tətbiqi məsələsinə yenidən baxılması vacibdir:
“Hazırda kənd təsərrüfatı sahəsi yeni dirçəlir və bu qərar sözügedən sahənin inkişafına təsir göstərə bilər. Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə çox böyük işlər görülür, aqrar sahənin inkişafı üçün mühüm addımlar atılır. Eyni zamanda, bölgəyə köçən əhalinin pay torpaqları ilə tez bir zamanda təmin olunması üçün əlavə dəstək tədbirlərinin işlənilməsinə ehtiyac var”.