BAKI, 13 noyabr. TELEQRAF

"2026-cı il noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısında iştirakı mühüm əhəmiyyət kəsb edir. Avropa ölkələrinin dövlət və hökumət başçılarını, eləcə də beynəlxalq təşkilatların rəhbərlərini bir araya gətirən bu mühüm siyasi platforma qitənin gələcəyi, təhlükəsizlik, iqtisadi inkişaf, enerji təminatı və nəqliyyat əlaqələri ilə bağlı məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır".

Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Dublin Zirvə Toplantısı “Güclü, təhlükəsiz və əlaqəli Avropa” mövzusu altında keçirilib: "Tədbirin gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, əlçatan enerjinin təmin edilməsi, Avropanın təhlükəsizliyi və müdafiəsi kimi aktual məsələlər yer alıb. Sammitdə 50-yə yaxın dövlət və hökumət başçısının iştirakı tədbirin beynəlxalq əhəmiyyətini nümayiş etdirib.

Zirvə Toplantısı çərçivəsində Prezident İlham Əliyev “Rəqabətqabiliyyətli Avropanın qurulması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda keçirilən dəyirmi masa müzakirəsində də iştirak edib.

Bu bir reallıqdır ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu, ölkəmizin etibarlı enerji tərəfdaşı kimi fəaliyyətini davam etdirməsi olduqca önəmlidir. 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra Avropa İttifaqına təbii qaz ixracı 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib. Bu göstərici Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edir.

Sözsüz ki, Azərbaycanın enerji infrastrukturunun Avropa üçün əhəmiyyəti xüsusi yer tutur. Bakıdan İtaliyayadək uzanan, yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı birləşdirici xətlər vasitəsilə Avropa İttifaqının 10 üzv dövlətinə qaz çatdıran boru kəməri tam gücü ilə fəaliyyət göstərir. Yunanıstan və İtaliyaya uzanan xəttin ötürmə imkanlarının 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə çatdırılması da bu sahədə həyata keçirilən işlərin nəticəsidir”.

Deputat bildirib ki, bununla yanaşı Azərbaycanın alternativ enerji mənbələrinin gələcəkdə daha böyük əhəmiyyət qazanacağı da birmənalıdır: "Bu baxımdan Azərbaycanın bərpaolunan enerji potensialı, enerji infrastrukturunun genişləndirilməsi və Avropa ilə yeni əməkdaşlıq istiqamətləri xüsusi ilə diqqət mərkəzindədir. Bu faktlar Azərbaycanın yalnız ənənəvi enerji resurslarının ixracatçısı olmadığını, həm də Avropanın enerji təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi prosesində iştirak etdiyini göstərir.

Zirvə Toplantısı çərçivəsində baş tutan mühüm görüşlərdən biri Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş olub. Noyabrın 12-də baş tutan görüşdə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəli aparılması, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların davam etdirilməsi və regionda sabitliyin möhkəmləndirilməsi məsələləri müzakirə edilib. Tərəflər nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticarət münasibətləri, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması, eləcə də marşrut üzrə tranzit imkanları müzakirə olunub.

Bu görüş regionda sülhün möhkəmləndirilməsi istiqamətində siyasi dialoqun davam etdiyini göstərən mühüm hadisələrdən biri kimi diqqət çəkir. Eyni zamanda, nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əməkdaşlığın inkişafı Cənubi Qafqazın gələcək inkişafı baxımından yeni imkanlar yarada bilər".

Sevinc Hüseynova vurğulayıb ki, Dublin Zirvə Toplantısında Azərbaycanın iştirakı ölkəmizin müxtəlif beynəlxalq platformalarda fəal iştirakının davamı kimi qiymətləndirilir: “Azərbaycan Avropa ilə münasibətlərində enerji, nəqliyyat, iqtisadiyyat və regional təhlükəsizlik məsələlərini əsas əməkdaşlıq istiqamətləri kimi gündəmdə saxlayır. Avropa Siyasi Birliyi kimi platformalar dövlətlərə yalnız ümumi problemləri müzakirə etmək deyil, həm də ikitərəfli münasibətləri inkişaf etdirmək, yeni təşəbbüslər irəli sürmək və ortaq maraqlar ətrafında dialoqu genişləndirmək imkanı yaradır.
Azərbaycanın coğrafi mövqeyi, enerji resursları, inkişaf edən nəqliyyat infrastrukturu və Şərq-Qərb bağlantılarındakı rolu ölkəmizi Avropa ilə Asiya arasında əməkdaşlığın mühüm iştirakçılarından birinə çevirir. Xüsusilə Orta Dəhliz, enerji təchizatının şaxələndirilməsi və regional nəqliyyat layihələri Avropa dövlətləri ilə əməkdaşlığın perspektivli istiqamətləri sırasındadır.

Prezident İlham Əliyevin 2026-cı il noyabrın 12-də Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirakı bir sıra mühüm siyasi və iqtisadi təmaslarla yadda qalıb. Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki rolu, Avropa ilə nəqliyyat və iqtisadi əməkdaşlıq imkanları, Ermənistanla sülh gündəliyinin müzakirəsi və Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi səfərin əsas istiqamətlərini təşkil edib.

Dublin görüşləri bir daha göstərib ki, müasir beynəlxalq münasibətlər sistemində enerji, təhlükəsizlik, nəqliyyat və iqtisadi əməkdaşlıq məsələləri bir-biri ilə sıx bağlıdır. Bu sahələrdə regional və beynəlxalq tərəfdaşlığın inkişafı həm Avropa, həm də Cənubi Qafqaz üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın bu proseslərdə iştirakı ölkəmizin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, milli maraqlarının beynəlxalq müstəvidə ifadə olunması və regionda uzunmüddətli sülhün təşviqi baxımından əhəmiyyətli diplomatik fəaliyyətin tərkib hissəsidir”.