BAKI, 13 noyabr. TELEQRAF

“Avropa Siyasi Birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Zirvə toplantıları Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir”.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, sammitlər çərçivəsində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini, aktual qlobal çağırışları müzakirə edirlər.

Deputat xatırladıb ki, “Avropa Siyasi Birliyi”nin ilk Zirvə görüşü 2022-ci ilin oktyabrında 44 ölkənin dövlət və hökumət başçısının iştirakı ilə Çexiyanın paytaxtı Praqada keçirilib. Zirvə toplantılarının gündəliyi çox vacib, qlobal əhəmiyyət daşıyan məsələləri əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə toplantılarında fəal iştirak etdiyini deyən millət vəkilinin sözlərinə görə, Avropa İttifaqının üzvü olmayan Azərbaycanın dövlət başçısının “Avropa Siyasi Birliyi”nin sammitlərinə dəvət alması ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. “Nəzərə alaq ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Birmənalı şəkildə deyə bilərik ki, burada Prezident İlham Əliyevin fəaliyyəti və liderlik keyfiyyətləri həlledici rol oynayır. Azərbaycanın dövlət başçısının fəaliyyətində qlobal əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi xətti xüsusi yer tutur ki, bu da beynəlxalq birlik tərəfindən təqdirlə qarşılanır. Azərbaycan Prezidenti “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərinə qatılmaqla ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır”,-deyə Samir Vəliyev vurğulayıb.

Deputat söyləyib ki, Prezident İlham Əliyev noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin Dublində keçirilən 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında, “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” (“Building a competitive Europe – innovation, connectivity and affordable energy”) mövzusunda dəyirmi masada iştirak edib, eləcə də bir sıra ikitərəfli görüşlər keçirib. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Prezidenti Maya Sandu, Litva Prezidenti Gitanas Nauseda, Rumıniya Prezidenti Nikuşor Dan və digər liderlərlə görüşüb. Görüşlərdə ikitərəfli münasibətlər, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və s. aktual mövzulara dair müzakirələr aparılıb. Dublində, həmçinin Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşü olub. Antonio Koşta Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, Azərbaycan-Avropa İttifaqı dialoqunun və əməkdaşlıq məsələlərinin müzakirəsini davam etdirmək üçün Prezident İlham Əliyevi Avropa İttifaqına səfərə dəvət edib. Vacib məqamlardan biri də odur ki, görüşdə Avropa İttifaqı tərəfindən Naxçıvan dəmir yolu layihəsi üzrə qiymətləndirmənin tezliklə yekunlaşdırılacağı bildirilib. Eyni zamanda, Orta Dəhlizin əhəmiyyəti qeyd edilib, nəqliyyat və bağlantıların inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

“Dublində “Avropa - güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunan budəfəki sammitin gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat bağlantılarının inkişafı, əlçatan enerji, eləcə də demokratik Avropanın təhlükəsizliyi və müdafiəsi məsələləri yer alır. Builki Sammitdə 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. Bu, Avropa ölkələrinin üzləşdiyi çağırışların geniş coğrafi müstəvidə müzakirəsi və ortaq maraqlar üzrə siyasi dialoqun davam etdirilməsi baxımından mühüm platforma deməkdir. Azərbaycan üçün isə Dublin Sammitinin əhəmiyyəti təkcə tədbirin gündəliyi ilə məhdudlaşmır. Ölkəmiz “Avropa Siyasi Birliyi”nin əvvəlki sammitlərində də fəal iştirak edib, platforma çərçivəsində regional təhlükəsizlik, enerji və bağlantılar məsələlərinə dair mövqeyini irəli sürüb. 2028-ci ildə Sammitin Azərbaycanda keçirilməsi barədə qərar isə bu əməkdaşlığa yeni perspektivlər əlavə edir” – deyə millət vəkili vurğulayıb.