BAKI, 11 sentyabr. TELEQRAF
"Universitetlərin bakalavr pilləsinin müddətinin 4 ildən 3 il yarıma, 3 ilə qədər endirilməsi təcrübəsi dünya praktikasında mövcuddur. Bu məsələyə Milli Məclisin Elm və təhsil komitəsi Elm və Təhsil Nazirliyi ilə birlikdə yenidən baxa bilər".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı professor Eldar Quliyev parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib.
O qeyd edib ki, təhsilin inkişafı üçün bu cür dəyişiklikləri dəyərləndirmək məqsədəuyğundur: "Magistratura pilləsinə gəlincə, bu müddətə də yenidən baxıla bilər. Əksər ölkələrdə magistratura müddəti bir ildir. Düzdür, ABŞ-də və başqa bəzi inkişaf etmiş ölkələrdə elə universitet var, 2 illik magistr təhsili verir. Amma ümumilikdə bu müddətin Azərbaycanda bir ilə endirilməsinə yenidən baxıla bilər.
Məlumat üçün deyim ki, bu il magistratura üçün ayrılan 18 min yer üçün cəmi 15 min ərizə verilib. Ərizə verənlərin isə bir hissəsi imtahandan keçə bilməyib. İstənilən halda, magistr üçün ayrılan bu qədər yerin boş qalması təhsilimiz üçün itkidir. Azərbaycanda təhsil ala bilməyən gənclər Türkiyəyə, Gürcüstana, digər region ölkələrinə və ya Avropa universitetlərinə gedirlər. Onlar təhsil alıb qayıtdıqdan sonra magistr diplomlarını Azərbaycanda təsdiq etdirirlər".
.jpg)
Deputat onu da əlavə edib ki, Azərbaycanda universitetlərdə ixtisas üzrə təcrübə dövrü əsasən son kursda və bir növ formal şəkildə həyata keçirilir:
"Yəni, tələbəni hansısa müəssisəyə təcrübəyə göndərirlərsə, gedir, qol çəkir, qayıdır. Halbuki tələbələr öz ixtisası üzrə təcrübə keçməlidirlər. Amma xarici ölkələrdə belə deyil. Universitetin tələbidir ki, gənc mütləq göndərilən yerdə təcrübədə gedib iştirak etməli, bununla bağlı hesabat verməlidir. Bu prosesdə iştirakı da tələbənin biliyinin qiymətləndirilməsində mühüm rol oynayır.
Azərbaycanda təcrübəyə göndərilən tələbəni hətta qəbul etməyən təşkilatlar, müəssisələlər də var. Universitetlərlə müəssisə arasında müqavilə olmalıdır ki, tələbələr orada təcrübə keçə bilsinlər. Bu prosesin asanlaşdırılması üçün də addım atılmalıdır".