BAKI, 11 sentyabr. TELEQRAF
"12 illik tam orta təhsildən sonra 3 illik bakalavr sistemi olduqca məqsədəuyğun sayılır".
Teleqraf xəbər verir ki, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsinin bugün iclasında deyib.
O qeyd edib ki, bakalavr təhsilinin 3 ilə endirilməsi Ali təhsil haqqında yeni qanunvericilikdə indiki realıqda mümkün deyil:
“Çünki burada məsələni kompleks həll eləməliyik. “Təhsil haqqında qanun”da və “Ümumi təhsil haqqında qanun”da bizim ibtidai təhsilin müddəti birinci və dördüncü sinifləri əhatə edir, ümumi orta təhsil beşinci və doqquzuncu sinifləri əhatə edir və tam orta təhsil müddəti 10 və 11-ci sinifləri əhatə edir. Toplam olaraq 11 illik sistemdir. Bu əslində bizim ölkənin hüdudlarından kənarda top universitetlərdə təhsil almaq istəyən şagirdlər üçün də müəyyən mənada çətinlik, maneə yaradır. Çünki həmin universitetlər bizim şagirdlərdən, baxmayaraq ki, çox yüksək səviyyədə müvəffəqiyyətlə bitirirlər, 12 illik təhsil sistemini alır. Məcbur olurlar ki, son mərhələdə bizim bəzi şagirdlərimiz Azərbaycanda fəaliyyət göstərən digər özəl təhsil komplekslərində o müddəti kompensasiya etsinlər.
Ona görə, düşünürəm ki, 12 illik təhsilə keçməklə, növbəti mərhələdə avtomatik olaraq bu 3 illik bakalavr sistemini çox rahat şəkildə tətbiq etmək olar. Amma hazırkı vəziyyətdə 11 il tam orta təhsil, üstəgəl 3 il bakalavr o qədər də məqsədəmuvafiq hesab edilməyəcək”.