BAKI, 31 avqust. TELEQRAF
"Hər il avqustun 30-da Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü qeyd olunur. Bu gün silahlı münaqişələr, zorakılıq, miqrasiya, təbii fəlakətlər və digər səbəblər nəticəsində taleyi naməlum qalan insanların xatirəsinin yad edilməsi, onların ailələrinin üzləşdiyi ağır mənəvi sarsıntının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır".
Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Deputat qeyd edib ki, itkin düşmək təkcə bir insanın yoxa çıxması demək deyil: "Bu, arxada qalan ailənin illərlə davam edən gözləntisi, cavabsız sualları və bitməyən ümididir. Yaxınlarının taleyindən xəbərsiz qalan ailələr üçün zaman keçdikcə ağrı azalmır.
Azərbaycan üçün Beynəlxalq İtkin Düşmüş Şəxslər Gününün xüsusi və ağrılı məzmunu var. Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən hərbi təcavüzü nəticəsində minlərlə Azərbaycan vətəndaşının taleyi naməlum qalıb. Rəsmi statistikaya görə 4010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı axtarış və qazıntı işləri isə illərdir gizli qalan həqiqətlərin üzə çıxarılmasına imkan verir. İndiyədək 32 kütləvi məzarın aşkarlanması, 328 şəxsin kimliyinin müəyyən edilməsi itkinlərin taleyinin araşdırılması istiqamətində mühüm nəticələrdir. Xüsusilə Xocalı, Şuşa, Füzuli və digər ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın hərbi təcavüzü zamanı törədilmiş ağır cinayətlərin araşdırılması baxımından mühüm sübutlar kimi qiymətləndirilir.
Burada ən vacib məsələlərdən biri yalnız itkin şəxslərin qalıqlarının tapılması deyil, onların hansı şəraitdə öldürüldüyünün və harada dəfn edildiyinin müəyyənləşdirilməsidir. Müasir DNT ekspertizası və digər kriminalistik üsullar vasitəsilə şəxsiyyətlərin müəyyənləşdirilməsi ailələrin illərlə gözlədiyi cavabların əldə olunmasına imkan yaradır. Hər bir müəyyən edilmiş şəxs bir ailə üçün sadəcə statistika deyil, illərdir yolunu gözlədikləri doğmanın nəhayət öz adını və kimliyini geri qazanmasıdır".
Vasif Qafarov vurğulayıb ki, Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyi və onların dəfn yerləri barədə məlumat verməsi məsələsi xüsusi aktuallıq daşıyır: "İtkinlərin taleyi ilə bağlı həqiqətin üzə çıxarılması yalnız humanitar məsələ deyil, həm də beynəlxalq hüquq və ədalət məsələsidir.
Bu baxımdan Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü bir daha xatırladır ki, müharibənin ağrısı atəşkəs və sülhün əldə olunması ilə bitmir.
Azərbaycan üçün bu gün həm itkin düşmüş insanların xatirəsini ehtiramla yad etmək, həm də onların taleyinin müəyyənləşdirilməsi istiqamətində görülən işləri diqqətdə saxlamaq baxımından mühümdür. Ən böyük gözlənti isə illərdir cavabsız qalan suallar cavablandırılsın, itkinlərin taleyi müəyyənləşdirilsin, onların ailələri nəhayət öz doğmalarının harada və hansı şəraitdə həyatlarını itirdiyini bilsinlər.
İtkinlərin taleyini bilmək hər bir ailənin haqqıdır. Həqiqətin üzə çıxarılması isə ədalətin ən mühüm şərtlərindən biridir".