BAKI, 6 avqust. TELEQRAF
"Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya dövlətləri ilə münasibətlər xüsusi strateji əhəmiyyət daşıyır. Tarixi köklər, ortaq türk kimliyi, mədəni yaxınlıq və qarşılıqlı etimad son illərdə əlaqələrin yeni mərhələyə yüksəlməsinə imkan yaradıb. Möhtərəm Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və praqmatik siyasət nəticəsində Azərbaycan ilə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan arasında əməkdaşlıq ikitərəfli münasibətlərlə məhdudlaşmır, eyni zamanda Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşmasında mühüm amilə çevrilir".
Teleqraf xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.
Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində Mərkəzi Asiya qlobal güclərin maraqlarının kəsişdiyi strateji regionlardandır: "Bu baxımdan Azərbaycanın region ölkələri ilə qurduğu etibarlı tərəfdaşlıq modeli qarşılıqlı hörmətə, suverenliyə və bərabərhüquqlu əməkdaşlığa əsaslanır. Məhz sözügedən yanaşma dövlətlər arasında siyasi dialoqun intensivləşməsinə, iqtisadi münasibətlərin genişlənməsinə və humanitar əlaqələrin möhkəmlənməsinə xidmət edir".

Deputat deyib ki, Azərbaycan Xəzər hövzəsinin əsas logistika və nəqliyyat mərkəzlərindən biri kimi Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışında mühüm rol oynayır: "Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, Bakı–Tbilisi–Qars dəmir yolu və digər nəqliyyat layihələri region dövlətləri arasında yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə son illərdə qlobal ticarət marşrutlarının yenidən formalaşması fonunda Orta Dəhlizin əhəmiyyəti daha da yüksəlib və bu marşrutun əsas iştirakçılarından biri kimi Azərbaycan öz strateji mövqeyini gücləndirib.
Enerji sahəsində əməkdaşlıq münasibətlərin əsas istiqamətlərindəndir. Azərbaycanın enerji diplomatiyası Mərkəzi Asiya ölkələrinin enerji resurslarının beynəlxalq bazarlara çıxarılması üçün yeni imkanlar yaradır. Xəzər dənizi üzərindən əməkdaşlığın genişləndirilməsi, yaşıl enerji layihələrinin həyata keçirilməsi və bərpaolunan enerji sahəsində təcrübə mübadiləsi regionun enerji təhlükəsizliyinə mühüm töhfə verməkdədir".
Günay Ağamalı deyib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərə yeni məzmun qazandırır: "Bu platforma ortaq tarixi və mədəni irsin qorunması, iqtisadi inteqrasiya, rəqəmsal transformasiya, nəqliyyat, müdafiə sənayesi, təhsil və innovasiya sahələrində koordinasiyalı fəaliyyət üçün mühüm mexanizmə çevrilib. Türk dünyasının inteqrasiyası istiqamətində atılan addımlar ümumi inkişaf strategiyasının formalaşmasına xidmət edir.
Möhtərəm Cənab Prezident İlham Əliyevin Qazaxıstan, Özbəkistan və Qırğızıstan liderləri ilə keçirdiyi yüksəksəviyyəli görüşlər, qarşılıqlı dövlət səfərləri və imzalanan çoxsaylı sənədlər münasibətlərin strateji xarakter aldığını nümayiş etdirir. Xüsusilə Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin qurulması türk dünyasında həmrəyliyin və qarşılıqlı etimadın yeni mərhələsinin göstəricisidir. Eyni zamanda Özbəkistan və Qazaxıstanla həyata keçirilən iri investisiya layihələri, sənaye kooperasiyası və nəqliyyat əməkdaşlığı gələcək inkişaf üçün möhkəm iqtisadi baza yaradır.
İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinə Mərkəzi Asiya ölkələrinin verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır. Qazaxıstanın Füzulidə, Özbəkistanın Xankəndidə həyata keçirdiyi layihələr dostluğun və türk dünyası həmrəyliyinin təzahürüdür. Sözügedən əməkdaşlıq modeli gələcəkdə digər sahələr üzrə birgə layihələrin həyata keçirilməsinə geniş imkanlar açır".
Deputatın sözlərinə görə, perspektiv baxımından münasibətlərin əsas inkişaf istiqamətləri sırasında rəqəmsal iqtisadiyyat, süni intellekt, kibertəhlükəsizlik, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, su ehtiyatlarının idarə olunması, yaşıl enerji, turizm və təhsil sahələrində əməkdaşlıq xüsusi yer tutur: "Gənclər və elm mübadiləsinin genişləndirilməsi, ortaq tədqiqat mərkəzlərinin yaradılması və innovativ layihələrin dəstəklənməsi region ölkələrinin elmi və texnoloji inkişafına mühüm töhfə verəcək.
Günümüzün reallığı göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər strateji tərəfdaşlıq və ortaq inkişaf modelinə çevrilib. Adıçəkilən model qarşılıqlı etimada, ortaq maraqlara əsaslanır. Dövlət başçımız Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan türk dünyasının siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.
Qarşıdakı illərdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələr daha da dərinləşəcək, yeni təşəbbüslər həyata keçiriləcək, regionun təhlükəsizliyi, rifahı və dayanıqlı inkişafı naminə əməkdaşlıq daha geniş miqyas alacaq".