BAKI, 21 iyul. TELEQRAF

“Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri təkcə diplomatik protokol çərçivəsində baş tutan növbəti görüş kimi deyil, Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin başlanğıcını şərtləndirən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Son illər beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər göstərir ki, Avropanın aparıcı dövlətləri xarici siyasətdə ideoloji yanaşmalardan daha çox iqtisadi praqmatizmə üstünlük verməyə başlayırlar. Bu baxımdan, Almaniyanın Azərbaycanla əməkdaşlığa artan marağı təsadüfi deyil”.

Teleqraf xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, bir neçə il əvvəl ikitərəfli münasibətlərdə əsas mövzu enerji əməkdaşlığı idisə, bu gün əməkdaşlıq gündəliyi xeyli genişlənib: "Azərbaycan artıq Almaniya üçün yalnız etibarlı enerji təchizatçısı deyil. Ölkəmiz Avropa ilə Mərkəzi Asiyanı birləşdirən Orta Dəhlizin əsas iştirakçısı, mühüm logistika və nəqliyyat qovşağı, eyni zamanda regionun ən sabit iqtisadi tərəfdaşlarından biridir. Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər Almaniyanın da xarici iqtisadi prioritetlərinə təsir göstərir. Təchizat zəncirlərinin şaxələndirilməsi, yeni bazarlara çıxış və etibarlı tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi Berlin üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və tranzit imkanları Almaniya iqtisadiyyatı üçün yeni perspektivlər açır".

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Almaniya Kansleri Fridrix Merts ilə keçirdiyi görüşlər və Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndələri ilə müzakirələri də göstərdi ki, tərəflər münasibətləri yeni məzmunla zənginləşdirmək niyyətindədirlər: "Söhbət artıq təkcə enerji sektorundan getmir. Yaşıl enerji, rəqəmsal texnologiyalar, sənaye kooperasiyası, innovasiyalar, nəqliyyat-logistika və investisiyalar gələcək əməkdaşlığın əsas istiqamətləri kimi ön plana çıxır.

Diqqət çəkən digər məqam Almaniya biznesinin Azərbaycana artan marağıdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri, sənaye parklarının inkişafı, bərpa olunan enerji zonalarının yaradılması alman şirkətləri üçün yeni investisiya imkanları yaradır. Almaniyanın texnoloji potensialı ilə Azərbaycanın iqtisadi inkişaf prioritetləri arasında ciddi uyğunluq mövcuddur ki, bu da əməkdaşlığın uzunmüddətli xarakter almasına zəmin yaradır. Eyni zamanda, regionda formalaşmış yeni siyasi reallıq da münasibətlərin inkişafına müsbət təsir göstərir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Cənubi Qafqazda əsas gündəm artıq münaqişə deyil, iqtisadi inteqrasiya, kommunikasiyaların açılması və regional əməkdaşlıqdır. Almaniya kimi iqtisadi maraqları ön planda saxlayan dövlət üçün bu, yeni imkanlar deməkdir".

“Əlbəttə, bəzi siyasi məsələlər üzrə fikir ayrılıqları qalmaqdadır. Lakin müasir beynəlxalq münasibətlər göstərir ki, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelinin alternativi yoxdur. Məhz buna görə də Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin gələcək inkişafına yeni siyasi impuls verən mühüm hadisə kimi qiymətləndirilə bilər. Bütün bunlar deməyə əsas verir ki, Bakı ilə Berlin arasında münasibətlər artıq yeni mərhələyə daxil olur. Qarşılıqlı maraqların genişlənməsi, iqtisadi praqmatizmin ön plana çıxması və regional reallıqların dəyişməsi fonunda Azərbaycan–Almaniya əməkdaşlığının yaxın illərdə daha dərin, çoxşaxəli və strateji xarakter alacağı gözlənilir”,- deyə Sevinc Fətəliyeva vurğulayıb.