BAKI, 14 iyul. TELEQRAF
"Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasət prioritetlərini, regional və qlobal proseslərə baxışını, eləcə də ölkənin beynəlxalq münasibətlər sistemində artan rolunu əks etdirən mühüm siyasi və diplomatik mesajlar kimi diqqəti cəlb edir. Artıq ənənəyə çevrilmiş Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin toplaşdığı beynəlxalq platforma deyil, həm də Azərbaycanın strateji baxışlarının, sülh gündəliyinin və inkişaf modelinin dünya ictimaiyyətinə təqdim edildiyi nüfuzlu dialoq məkanına çevrilib".
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva açıqlamasında deyib.

Onun sözlərinə görə, forumun iştirakçı coğrafiyasının hər il genişlənməsi, 53 ölkədən 160 nümayəndənin, onlarla xəbər agentliyinin, media qurumunun və beynəlxalq təşkilatın Şuşada bir araya gəlməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, Şuşanın isə qlobal fikir və media diplomatiyasının mühüm mərkəzlərindən birinə çevrilməsinin göstəricisidir:
"Son dörd ildə 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin bu platformada iştirak etməsi artıq Forumun beynəlxalq instituta çevrildiyini təsdiqləyir.
Cənab Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri Qarabağda aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq auditoriyaya birbaşa nümayiş etdirilməsi oldu. Dövlət başçısının qeyd etdiyi kimi, ilk forumlarda dağıntıları görən xarici media nümayəndələri bu gün artıq yenidən qurulan şəhərləri, yeni yaşayış məntəqələrini, doğma yurdlarına qayıdan insanları müşahidə edirlər. Bu isə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin nəticələrinin dünya ictimaiyyətinə ən təsirli formada çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. İnformasiya müharibələrinin davam etdiyi müasir dövrdə həqiqətlərin yerində nümayiş etdirilməsi faktların ən güclü arqumentidir. Ölkə başçısının çıxışında diqqət çəkən əsas istiqamətlərdən biri Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin əhəmiyyətinin daha da artması oldu. Dövlət başçısı vurğuladı ki, tranzit ölkəyə çevrilmək yalnız coğrafi mövqe ilə mümkün deyil.
Bunun üçün güclü infrastruktur, qonşularla etibarlı münasibətlər və çoxtərəfli əməkdaşlıq mühiti vacibdir. Son onilliklər ərzində həyata keçirilən siyasət nəticəsində Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilib".
Deputat qeyd edib ki, Orta Dəhlizin əhəmiyyətinin artması, Xəzər hövzəsinin strateji rolunun yüksəlməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, yeni gəmilərin inşası və logistika imkanlarının artırılması Azərbaycanın Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirir: "Qlobal geosiyasi dəyişikliklər fonunda Azərbaycanın sabit və etibarlı tərəfdaş kimi çıxış etməsi beynəlxalq yükdaşımaların və enerji marşrutlarının təhlükəsizliyinə mühüm töhfə verir. Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın enerji diplomatiyasının yeni mərhələyə qədəm qoyduğunu da vurğuladı. Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə 16 ölkəyə təbii qaz ixrac edir və bu göstəriciyə görə dünyada aparıcı mövqedədir. Almaniya və Avstriyaya qaz ixracının başlanması, Avropa bazarında Azərbaycanın rolunun daha da genişlənməsi, “ACG Deep Gas” layihəsinin istismara verilməsi və 2032-ci ilə qədər 8 giqavat bərpaolunan enerji gücünün yaradılması ölkənin enerji strategiyasının uzunmüddətli xarakter daşıdığını nümayiş etdirir.
Eyni zamanda dövlət başçısı Avropa İttifaqı ilə enerji əməkdaşlığının inkişafı üçün uzunmüddətli müqavilələrin və nəqliyyat infrastrukturunun genişləndirilməsinin vacibliyini xüsusi qeyd etdi. Bu yanaşma Azərbaycanın yalnız enerji ixracatçısı deyil, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi çıxış etdiyini göstərir. Çıxışın mühüm istiqamətlərindən biri Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət modeli oldu. Prezident cənab İlham Əliyev həm Avropa Komissiyası ilə münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu, həm ABŞ ilə strateji tərəfdaşlığın ən yüksək səviyyəyə yüksəldiyini, həm də Rusiya ilə münasibətlərin normallaşdığını vurğuladı. Bu yanaşma Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursunun növbəti təsdiqidir. Dövlət başçısının ABŞ ilə münasibətlərə dair səsləndirdiyi fikirlər xüsusi diqqət çəkdi.
Prezident Donald Tramp administrasiyası ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, rəqəmsal transformasiya, süni intellekt, enerji təhlükəsizliyi, müdafiə sənayesi və investisiyalar üzrə birgə işçi qruplarının yaradılması iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Eyni zamanda 907-ci düzəlişin artıq geosiyasi reallıqlara uyğun gəlmədiyi və tam ləğvinin zəruriliyi bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Avropa istiqamətində Prezident cənab İlham Əliyev Avropa Komissiyası ilə münasibətlərdə müsbət dinamikanı qeyd etsə də, Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibətdə nümayiş etdirdiyi ikili standartları kəskin tənqid etdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın AŞPA-da səsvermə hüququndan məhrum edilməsi insan hüquqları ilə deyil, məhz ölkəmizin öz suverenliyini tam bərpa etməsi ilə bağlı siyasi qərar olub. Bu isə beynəlxalq təşkilatlarda obyektivlik və ədalət prinsiplərinin qorunmasının vacibliyini bir daha gündəmə gətirdi. Cənab Prezidentin çıxışında Türkiyə-Azərbaycan münasibətləri də xüsusi yer tutdu. Dövlət başçısı vurğuladı ki, iki ölkə artıq yalnız qardaş və dost deyil, eyni zamanda müttəfiq dövlətlərdir. Şuşa Bəyannaməsinin yaratdığı yeni hüquqi və siyasi baza regional təhlükəsizliyin əsas sütunlarından birinə çevrilib. Azərbaycan-Türkiyə modeli təkcə ikitərəfli münasibətlər baxımından deyil, regionda sabitlik və əməkdaşlıq nümunəsi kimi də beynəlxalq əhəmiyyət daşıyır".
Mehriban Əliyeva vurğuladı ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın Mərkəzi Asiya dövlətləri, Çin, Yaponiya, İordaniya və digər tərəfdaşlarla əməkdaşlığının genişlənməsini də ətraflı təhlil etdi: "Xüsusilə Çinlə hərtərəfli strateji tərəfdaşlıq, Özbəkistan və Qazaxıstanla birgə investisiya layihələri, Türk dünyasında inteqrasiyanın dərinləşməsi, Xəzər üzərindən enerji və rəqəmsal bağlantı layihələrinin həyata keçirilməsi Azərbaycanın Avrasiya məkanında artan rolunu daha da möhkəmləndirir.
Dövlət başçısı Azərbaycanın artıq orta güc dövlətinə çevrilməsi ilə bağlı beynəlxalq ekspert rəylərinə də münasibət bildirdi. Prezident cənab İlham Əliyevin fikrincə, orta güc anlayışı yalnız iqtisadi və ya hərbi potensialla ölçülmür. Milli maraqları müstəqil şəkildə müdafiə etmək bacarığı, regional proseslərə təsir imkanları, beynəlxalq etimad, məsuliyyətli siyasət və döyüş meydanında sübut olunmuş müdafiə qabiliyyəti bu statusun əsas meyarlarıdır. Azərbaycanın son illərdə nümayiş etdirdiyi siyasi iradə və müstəqil qərarvermə qabiliyyəti bu yanaşmanı tam şəkildə təsdiqləyir.
Cənab Prezident çıxışında rəqəmsal transformasiya və süni intellekt sahəsini də ölkənin gələcək inkişaf prioritetlərindən biri kimi təqdim etdi. Yeni yaradılmış koordinasiya mexanizmləri, vahid idarəetmə sistemi və bu istiqamətdə qəbul olunan qərarlar Azərbaycanın rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində regional liderliyini daha da möhkəmləndirməyə hesablanıb. Çıxışın mühüm siyasi mesajlarından biri də Azərbaycanın sülh siyasəti ilə bağlı idi. Prezident cənab İlham Əliyev bildirdi ki, Azərbaycan müharibədən keçmiş dövlət kimi sülhün əsl dəyərini yaxşı bilir. Ölkəmiz suverenliyini bərpa etdikdən sonra daha irəli getməyərək məsuliyyətli davranış nümayiş etdirdi və regionda uzunmüddətli sabitliyin təmin olunmasını əsas məqsəd kimi müəyyənləşdirdi. Dövlət başçısı beynəlxalq hüququn istənilən sülhün universal platforması olduğunu xüsusi vurğulayaraq bildirdi ki, davamlı sülh yalnız dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında mümkündür.
Cənab Prezident beynəlxalq münasibətlər sistemində ikili standartların, müstəmləkəçilik siyasətinin və selektiv yanaşmaların qəbuledilməz olduğunu da diqqətə çatdırdı. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti, müstəmləkə xalqlarının hüquqlarının müdafiəsi, insan hüquqlarına universal yanaşmanın vacibliyi və beynəlxalq təşkilatların obyektiv fəaliyyət göstərməsinin zəruriliyi Azərbaycanın qlobal ədalət gündəliyinə verdiyi töhfənin tərkib hissəsidir. Çıxışın yekun hissəsində Prezident cənab İlham Əliyevin Azərbaycan xalqına ünvanladığı müraciət xüsusi siyasi və mənəvi məna daşıyırdı. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın əsas gücü milli birlikdə, dövlətə inamda, milli kimliyin qorunmasında və müstəqilliyin möhkəmləndirilməsindədir. Azərbaycanın keçdiyi yol göstərir ki, yalnız öz gücünə arxalanan, milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətlər uzunmüddətli uğur qazana bilirlər. IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq təkcə regionun deyil, geniş Avrasiya məkanının siyasi, diplomatik, iqtisadi və informasiya gündəliyini formalaşdıran əsas aktorlardan biridir.
Prezident cənab İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasət konsepsiyasının əsas istiqamətlərini, ölkənin gələcək strateji hədəflərini və beynəlxalq münasibətlər sistemində artan rolunu əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Şuşadan verilən mesajlar göstərir ki, Azərbaycan bundan sonra da sülhə, əməkdaşlığa, beynəlxalq hüquqa, regional inteqrasiyaya və milli maraqların qətiyyətlə müdafiəsinə əsaslanan müstəqil siyasət kursunu ardıcıl şəkildə davam etdirəcək".
Mehriban Vəliyeva
Milli Məclisin deputatı