BAKI, 14 fevral. TELEQRAF
Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin yaranmasından 70 il ötür.
Teleqraf xəbər verir ki, 1956-cı il fevralın 14-də ilk televiziyanın fəaliyyətə başlaması ölkəmizin siyasi və mədəni həyatına böyük yeniliklər gətirib.
Şərqdə ilk televiziyanın fəaliyyətə başlamasından ötən 70 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayımvericiləri istismara verilib.
1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi isə bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.
Televiziyanın efirində ərsəyə gələn hər bir verilişdə, hər bir videosüjetdə böyük yaradıcı kollektivin əməyi var. Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir.
Peşəkarların yetişməsi üçün isə Azərbaycan Teleradiosunun imkanları genişdir: studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, ən müasir texniki imkanlara malik avadanlıqla təchiz olunan montaj otaqları. Ölkə başçısının birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən islahatların məqsədi isə Azərbaycan Teleradiosunun nüfuzunu daha da artırmaq, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdir.
Azərbaycan Televiziyasındakı dəyişikliklər, həm də verilişlərin məzmun və formatında özünü büruzə verir, yaradıcılıq imkanlarını artırır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ şəkildə işıqlandırılmasında televiziyanın müstəsna xidmətləri var.
2009-cu il fevralın 1-dən efirə çıxan “İdman Azərbaycan” kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə olub.
2011-ci ildə isə Azərbaycan Televiziyasının nəzdində ziyalıların və sənətçilərin çoxdankı arzusu olan “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. İndi “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.
Bu gün Azərbaycan Teleradiosunun nəzdində, həmçinin ölkənin ən nüfuzlu musiqi kollektivləri fəaliyyət göstərir. Azərbaycan Radiosunun da maddi-texniki bazası modernləşdirilib, radio verilişlərinin ideya-bədii məzmunu keyfiyyətcə yenilənib.
Teleqraf İnformasiya Agentliyi AzTV-dəki həmkarlarımızı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.