BAKI, 5 dekabr. TELEQRAF

"Bu gün Azərbaycan mediası həm tarixi irsinə sadiq qalaraq, həm də qlobal informasiya mühitinin çağırışlarını əsas götürərək Gürcüstanın aparıcı media qurumlarının təmsilçiləri, media ekspertləri ilə birlikdə fikir mübadiləsini lazımlı hesab edir.

Teleqraf xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorun Əhməd İsmayılov “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda keçirilən Azərbaycan-Gürcüstan Media Forumunda deyib.

O bildirib ki, iki ölkə arasında ilk dəfə olaraq birlikdə media forum keçirilir.

"Hesab edirik ki, bu, tarixdən güc alan əməkdaşlığımızın növbəti uğurlu mərhələsinin əsasını təşkil edəcək və praktik əhəmiyyəti baxımından ölkələrimizin media mühitinə ciddi töhfə verəcək", - o əlavə edib.

Ə,İsmayılov vurğulayıb ki, müasir informasiya mühiti sürətlə dəyişir və bu dəyişikliklər həm dövlətlər, həm də cəmiyyətlər qarşısında yeni çağırışlar yaradır: "Rəqəmsal texnologiyaların inkişafı, sosial media platformalarının genişlənməsi və informasiya axınının sürətlənməsi medianın məsuliyyətini, peşəkarlıq standartlarını və ictimai etimadda oynadığı rolu daha da artırır".