ANKARA, 2 dekabr. TELEQRAF

"Düzgün media sistemi qurmaq, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin 100 ili vizyonu çərçivəsində kommunikasiya sahəsinin yeni yüzilini təqdim etmək üçün insanı və ədaləti mərkəzə alan media quruluşu vazkeçilməzdir".

Teleqraf-ın Ankaraya ezam olunan əməkdaşı bildirir ki, bunu "Disaster Journalism: Preventing the News from Turning into a Disaster" layihəsi çərçivəsində "Ekstremal jurnalistikası: Xəbərin fəlakətə çevrilməsinin qarşısını almaq" adlı paneldə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran deyib.

Onun sözlərinə görə, bu panel ekstremal jurnalistikası sahəsində önəmli bilik və müzakirələri ortaya çıxaracaq: "Kommunikasiya sisteminin, hətta insanların təhlükəsizliyinin qorunması üçün informasiya intizamı şərtdir. Çünki məlumat axını bəzən arzu olunmayan nəticələrə gətirib çıxara bilir.

Texnoloji yeniliklər həyatın hər sahəsini dəyişdirdiyi kimi, böyük güclər arasında informasiya üzərində gedən mübarizə də gerçəkdir. Dövlətlərin təhlükəsizliyi üçün etibarlı, özünə məxsus məlumat mənbələrinə çıxış həyati əhəmiyyət kəsb edir. Lakin saxta məlumat və dezinformasiya o qədər sürətlə yayılır ki, fərqli nəticələrə ortaya çıxa bilir. Bu səbəbdən peşəkar və institusional jurnalistikanın gücləndirilməsi, habelə jurnalistlərin və fəlakət bölgəsində çalışan mütəxəssislərin təhlükəsizliyinin təmin olunması bizim əsas prioritetlərimizdəndir.

6 fevral 2023-cü il zəlzələsi zamanı 450-yə yaxın dezinformasiya aşkar etdik. İctimaiyyətin düzgün məlumatlandırılması üçün mobil mətbuat mərkəzləri qurduq və beynəlxalq mediaya dəqiq məlumatlar təqdim etdik. Bu, informasiyanın doğru şəkildə yayılmasına mühüm töhfə verdi".