BAKI, 22 sentyabr. TELEQRAF

"Xaqani Şirvani Azərbaycan ədəbiyyatı tarixində intibah dövrünün ən qüdrətli sənətkarlarından biridir".

Bunu Teleqraf-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru Qüdrət Umudov şair-filosof, nasir Xaqani Şirvaninin Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələrindən danışarkən deyib.

"On ikinci əsrdə ədəbiyyatımız iki istiqamətdə inkişaf edib: saray ədəbiyyatı və saraydan kənar ədəbiyyat. Sovet dövründə saray ədəbiyyatına düşmən nəzərlə baxırdılar və onu hakim sinfin mədəniyyəti kimi dəyərləndirirdilər. Saray ədəbiyyatının özünəməxsus xüsusiyyətləri var idi. Halbuki hər adam saraya düşə, saray şairi ola bilməzdi. Sovet dövründə Moskvanın yanaşması və metodologiyası ilə həmin dövr ədəbiyyatımıza qiymət verilib. Müəyyən mənada Xaqaniyə də o cür yanaşıblar.

Saraydan kənarda fəaliyyət göstərən ədəbiyyat nümayəndələri daha çox demokratik düşüncəyə və azad yaradıcılıq ruhuna malik insanlar kimi təqdim olunurdu. Saray ədəbiyyatı isə hökmdarın xəzinəsindən ayrılan vəsaitə, verilən bəxşişlərə və maddi himayəyə bağlı olan ədəbiyyat nümayəndələrinin yaradıcılığı kimi qiymətləndirilirdi. Xaqani çox gənc yaşlarında, təxminən 19 yaşında Şirvanşahlar sarayına gəlib. Xaqaninin fitri istedadı olub. Yeniyetmə yaşlarından geniş mütaliə edib. Onun ensiklopedik biliyə yiyələnməsində müəllimi, əmisi, dövrünün görkəmli alimi və həkimi Kafiyəddin Ömər ibn Osmanın böyük rolu olub. Xaqaninin atası Əli Nəccar dülgər olub. İş üçün başqa şəhərlərə getdiyi üçün onu əmisi himayəsinə götürüb. Kafiyəddin Ömər ibn Osman sarayın təbibi olmaqla yanaşı, zamanının elmlərinə dərindən bələd olan bir insan idi. Xaqaninin dünyagörüşünün və elmi biliklərinin formalaşmasında onun da mühüm rolu olub. O təsadüfi deyil ki, Xaqanini "Həssanül-Əcəm” adlandırıb. Xaqani isə ilk olaraq "Həqaiqi" təxəllüsü ilə yazıb. “Əfzələddin” isə İslam dini ilə bağlı olan təxəllüsdür və onun dini biliklərini, dini-fəlsəfi dünyagörüşünü də ifadə edir. Xaqaninin dövründə Şirvanşahlar sarayının məliki-şüərası Əbül-Üla Gəncəvi olub. Xaqaninin istedadı çox qısa müddətdə geniş yayılıb və onun haqqında soraq saraya da çatıb. Məliki-şüəranın istəyi ilə Xaqani hökmdarın diqqətini cəlb edib və saraya dəvət olunub. İlk vaxtlar Xaqanidə saraya daxil olması ilə bağlı sevinc hissi olub, özünə qürrələnib, Saray şairi olduğu üçün. Lakin müəyyən müddətdən sonra saray mühitindəki riyakarlıq Xaqanidə ciddi narazılıq yaradıb və saray mühitindən iyrəndirib. Məhz bu proseslər Xaqanini müəyyən müddətdən sonra saray mühitindən uzaqlaşmağa sövq edib".

Q.Umudov vurğulayıb ki, Xaqani Şirvaninin böyük tədqiqatçısı Qafar Kəndli-Herisçidir: "O “Xaqani Şirvani: həyatı, dövrü və mühiti” adlı monoqrafiyasında Xaqani Şirvaninin üç mühüm dövrə bölür: gənclik dövrü, Şirvan sarayında keçirdiyi dövr və şairin Təbriz həyatı.

Xaqani Şirvaninin yaradıcılığının birinci dövrü onun doğulduğu vaxtdan təxminən 1026-1050-ci illərə qədər olan mərhələni əhatə edir. Bu dövr, eyni zamanda, şairin dünyagörüşündə baş verən oyanış və intibaha meyillənmə mərhələsi kimi xarakterizə olunur. İntibah düşüncəsinin əsas xüsusiyyətlərindən biri azad fikirli insanın formalaşması idi. Sənətkarın yalnız hökmdarın verdiyi tapşırıqları yerinə yetirməsi, mədhiyyələr yazması, hökmdar ailəsinə və hakim ideologiyaya xidmət etməsi deyil, sərbəst düşüncə sahibi olaraq sənətə xidmət etməsi ön plana çıxırdı. Bu xüsusiyyətləri Xaqani yaradıcılığında da aydın şəkildə görmək mümkündür.

Xaqani Şirvani poeziyada azad fikirli və qürurlu sənətkar kimi seçilir. Onun saray mühitindən uzaqlaşmaq istəyi, Şirvandan getməyə çalışması da müəyyən mənada bu azad düşüncənin ifadəsi idi. Şairin yaradıcılığında ictimai etiraz motivləri də mühüm yer tutur. İntibah dövrünün səciyyəvi xüsusiyyətlərindən biri məhz cəmiyyətin problemlərinə münasibət bildirmək və ədalətsizliyə etiraz etmək idi. Xaqani həqiqətin carçısı kimi çıxış edir, haqqı müdafiə edirdi".

Q.Umudov deyib ki, Xaqani Azərbaycan ədəbiyyatında qəsidə janrının ən böyük ustadlarından biri hesab olunur: "Şair yaradıcılığında dövrünün bir çox ədəbi janrlarından istifadə edib, qəsidənin müxtəlif növlərində əsərlər yaradıb. Xaqaninin yaradıcılığında mədhiyyələr də mühüm yer tutur. Axsitanın hakimiyyəti dövründə Şirvanda yaşayan şairin hökmdara münasibəti bu əsərlərdə öz əksini tapıb. Lakin bəzi mədhiyyələrdə zahirən təriflə yanaşı, Xaqaninin hökmdara və saray mühitinə münasibətinin, eləcə də tənqidi düşüncəsinin gizli şəkildə ifadə olunduğunu görmək mümkündür".

Qüdrət Umidov əlavə edib ki, Xaqani yaradıcılığında bu gün araşdırılmağa ehtiyac var: "Onun tərcümeyi-halı ilə bağlı müəyyən dəqiqləşdirmələrə ehtiyac var. Sovet dövründə çıxan ədəbiyyat tarixlərində Xaqaninin Məlhəm kəndində doğulması faktı qeyd olunub. Amma XVII əsrə qədər bu kənd orada mövcud olmayıb. Xaqani Şirvaninin özünün yazdığı 60 məktubu çox qiymətli sənət əsərləridir. Türkiyəli alim Əhməd Ateş Xaqaninin məktublarını nəşr edib. Xaqani Şamaxı şəhərində Əli Nəccarın ailəsində doğulub. Anası isə Rum qızı idi. Qul bazarından pulla satın alınan və sonradan İslamı qəbul edən xristian qızı olub. Sonradan Rəbiyyə adını qəbul edib.

Xaqaninin Məlhəm kəndində doğulduğu fikri əvvəlki tədqiqatlarda irəli sürülsə də, Qafar Kəndli-Herisçi bu fikri araşdıraraq onun əsaslı olmadığını göstərməyə çalışıb. Mən özüm də o kəndin tarixini araşdırmışam. Orada bu kənd olmayıb. Amma sarayın loğmanı olaraq əmisi həmin kəndin indi yerləşdiyi əraziyə, Məlhəm dərəsi deyirlər, yay aylarında gələrmiş. Dərman bitkilərini toplayar, həblər hazırlayarmış. Xəstə insanlara məlhəm, əlac edərmiş. Həmin yer dərman bitkiləri ilə zəngin olduğu üçün o əraziyə Məlhəm dərəsi adı verilib. Xaqaninin həyat faktlarında mübahisəli məqamlar da var. Xaqaninin yaradıcılığında olan intibah işartıları araşdırılmalıdır. Onun qəsidələri bir daha yenidən öyrənilməlidir. Xaqani Şirvani dəryadır".