BAKI, 11 sentyabr. TELEQRAF
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib.
Teleqraf xəbər verir ki, bu gün Nizami Kino Mərkəzində keçirilən toplantıda açıq səsvermənin nəticələri elan olunub.
Şəfiqə Məmmədova səs çoxluğu ilə AKİ-nin sədri seçilib.
Şəfiqə Məmmədova ona etimad göstərənlərə təşəkkür edib: "Hər birinizə təşəkkür edirəm. Bu etimadı doğrultmaq üçün var gücümlə çalışacam".
Azərbaycan Kinematoqrafçılar İttifaqının seçki konfransının iştirakçıları Prezident İlham Əliyevə müraciət ediblər. Müraciət məktubunu Xalq artisti Cəmil Quliyev oxuyub.
Konfrans nümayəndələri müraciətdə Prezident İlham Əliyevin ölkəmizin inkişafı və xalqımızın rifahı naminə apardığı daxili və xarici siyasəti ürəkdən dəstəklədiklərini bəyan ediblər. Müraciətdə eyni zamanda kino sənayemizin inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğu vurğulanıb.
"Sizi əmin etmək istərdik ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransında qəbul edilən qərar və layihələr ölkəmizdə kino sənətinin inkişafında yeni mərhələnin başlanğıcı olacaq. Biz Azərbaycan kinematoqrafçıları Sizin rəhbərliyinizlə idarə olunan qüdrətli Azərbaycanın parlaq gələcəyinə inanır və quruculuq yollarında daim yanınızda olacağımızı bəyan edirik. Yekdil rəyimiz bundan ibarətdir ki, qarşıda duran ən mühüm vəzifə - Dövlətin müəyyən etdiyi strateji xəttə sadiq qalaraq, güclü Azərbaycan naminə güclü Azərbaycan Prezidentinin ətrafında daha sıx birləşməkdir" - məktubda qeyd edilib.
***
12:28
"Azərbaycan kinosu böyük və zəngin tarixi yol keçib. Bu prosesdə Heydər Əliyevin böyük xidmətləri olub. Dövlətimiz tərəfindən kinoya maddi vəsait ayrılıb, kino sahəsi diqqət və qayğı ilə əhatə olunub, kinematoqrafçılara fəxri adlar verilib".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Akif Əli sədr seçkisini nəzərdə tutan konfransda deyib.
"Vaxtilə Azərbaycan Kinematoqrafçılar İttifaqının tərkibində görkəmli kino xadimləri fəaliyyət göstəriblər. Müxtəlif səbəblərdən ittifaqdan kənarlaşan insanlar olub. Xüsusilə Fərəddin Manafov, Elxan Cəfərov, Mehriban Zəki, Gülzar Qurbanova ilə bağlı təklif vermək istərdim. Hesab edirəm ki, onları yenidən ittifaqın tərkibində görmək və üzvlüklərini bərpa etmək yaxşı olardı".
Akif Əli bildirib ki, gündəlikdə birinci məsələ Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçməkdir.
"28 avqust tarixində keçirilən iclasda Şəfiqə Məmmədovaya müvəqqəti sədr səlahiyyətlərini icra etmək tapşırılıb. O, İdarə Heyəti tərəfindən vahid namizəd olaraq müəyyən edilib”, – A. Əli əlavə edib.
***
12:03
Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) sədr seçkisi keçirilən konfrans işə başlayıb.
Teleqraf xəbər verir ki, konfransda AKİ-nin üzvləri, kino və mədəniyyət nümayəndələri iştirak edirlər.
Konfransa səsvermə hüququna malik 206 nəfər AKİ üzvü qatılıb.
***
11:05
Bu gün Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) sədr seçkisini nəzərdə tutan konfrans keçiriləcək.
Teleqraf xəbər verir ki, AKİ sədrliyinə Xalq artisti Şəfiqə Məmmədovanın namizədliyi irəli sürülüb.
Səsvermənin nəticələrinə əsasən AKİ-nin yeni sədri müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev martın 29-da İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.