BAKI, 3 sentyabr. TELEQRAF
Ankaradakı “ATO Congresium” Beynəlxalq Sərgi Mərkəzində 2–5 sentyabr tarixlərində “Capital of Fashion COF’26” Beynəlxalq Hazır Geyimlər Moda Sərgisi keçirilib.
Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Anadolunun ən böyük sərgi tədbirlərindən biri hesab olunan Beynəlxalq Ankara Moda Sərgisi Türkiyə ilə yanaşı, müxtəlif ölkələrdən moda və hazır geyim sektorunun nümayəndələrini, şirkətləri, dizaynerləri və ziyarətçiləri bir araya gətirib.
Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkəmiz beynəlxalq sərgidə geniş şəkildə təmsil olunub.
Sərgi çərçivəsində keçirilən moda nümayişində Azərbaycanın “Taylors Home” geyim və parça butikinin təqdim etdiyi gəlinlik kolleksiyası xüsusi maraqla qarşılanıb. Kolleksiyaya daxil olan 10 fərqli gəlinlik türk manekenlər tərəfindən nümayiş etdirilib. Azərbaycan moda sənayesinin zövq və estetik yanaşmasını əks etdirən kolleksiya sərgi iştirakçıları və ziyarətçilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Azərbaycanın beynəlxalq moda platformasında təmsil olunması ölkəmizin müasir moda və dizayn potensialının Türkiyə ictimaiyyətinə və xarici qonaqlara tanıdılması, bu sahədə yeni əlaqələrin və əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Ankara Geyim İstehsalçıları Dərnəyinin dəstəyi ilə təşkil olunan Ankara Moda Sərgisi yeni moda meyillərinin və kolleksiyaların təqdim edildiyi, sektorda yeni əməkdaşlıqların qurulduğu mühüm beynəlxalq platformalardan biridir. Sərgi çərçivəsində işgüzar görüşlər keçirilir, hazır geyim və moda sənayesi üzrə idxal-ixrac imkanları müzakirə olunur, yeni tərəfdaşlıqların yaradılması üçün şərait formalaşdırılır.
Beynəlxalq sərgidə Türkiyənin və dünyanın hazır geyim və moda sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkətləri və brendləri iştirak edirlər.