BAKI, 5 sentyabr. TELEQRAF

Tanınmış müğənni Roza Zərgərli Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Roza xanım, Bişkekdə VI Dünya Köçəri Oyunlarının açılışında çıxış etdiniz. Tədbirə necə dəvət aldınız, eyni zamanda açılış mərasimi barədə təəssüratlarınız necədir?

- VI Dünya Köçəri Oyunlarının açılış və bağlanış mərasimlərinə Qırğızıstanın Mədəniyyət Nazirliyi tərəfindən dəvət aldım. Bildirdilər ki, bu təşəbbüs Qırğızıstan Prezident Administrasiyasının təşəbbüsü ilə irəli sürülüb.

Açılış və bağlanış mərasimlərində çıxış etməyimi istədiklərini söylədilər, mən də razılıq verdim. Bununla yanaşı, VI Dünya Köçəri Oyunları çərçivəsində keçiriləcək musiqi festivalında Türk dünyasından münsif kimi yer almağımı da arzuladılar. Bu təklifi də qəbul etdim.

- Bişkek VI Dünya Köçəri Oyunlarının açılış mərasimindəki çıxışınızdan sonra tamaşaçıların və sosial şəbəkə istifadəçilərinin reaksiyası necə oldu?

- Bu, Qırğızıstanla ilk əməkdaşlığım deyil. 2015-ci ildə İssık-Kulda keçirilən “Meykin Aziya” festivalının fəxri münsiflər heyətində yer almışdım. Keçən il sentyabrın 4-5-də isə 5 min nəfərlik zalda, ümumilikdə 10 min tamaşaçı qarşısında ana dilimdə solo konsert verdim. Demək istəyirəm ki, qırğız tamaşaçısı mənim üçün yad deyil.

Sözsüz ki, Köçəri Oyunlarının açılış mərasimi həm qürurverici, həm də fəxr duyduğum bir tədbir idi. Mərasimdə 20-dən çox dövlət başçısı iştirak edirdi. Mənim üçün ən önəmlisi öz yurdumun, ana vətənimin ali təmsilçisi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın orada olması idi. Bu, mənim üçün həm çox həyəcanlı, həm də qürurverici an idi.

Həmin mərasimdə başqa bir dövlət tərəfindən dəvət edilmiş Azərbaycan ifaçısı olaraq dünya standartlarına uyğun səviyyədə çıxış edirdim. İfamı öz dövlətimin başçısının izləməsi mənim üçün xüsusi əhəmiyyət daşıyırdı.

Tamaşaçıların reaksiyasına gəldikdə, Azərbaycanın adı elan ediləndə 51 minlik stadionda böyük ajiotaj yarandı, alqış və səs-küy eşidildi. Əslində, mən heç bir tədbirdə həyəcanlanmıram. Amma həmin alqışı, səs-küyü eşidəndə bir qədər həyəcan keçirdim.

Düşündüm ki, onlar mənim simamda Azərbaycanı və Azərbaycan mədəniyyətini salamlayırlar. Bu, çox sevincli və həyəcanlı hissdir.

Sosial şəbəkələrdə və internet resurslarında insanların reaksiyası, geridönüşləri də mənə ayrı bir qürur yaşatdı. Azərbaycan tamaşaçılarının böyük qismi bu uğura çox sevindi. Anlayırlar ki, Azərbaycan mədəniyyətini, doğma musiqini ölkə hüdudlarından kənara çıxaran sənətçilərimiz var. Bu, musiqimizi, sənətimizi dünyaya nümayiş etdirməkdir. Son üç ildə Azərbaycan tamaşaçısının sevincinə bu dərəcədə şahid olmamışdım.

Mən dünyanın bir çox böyük səhnələrinə çıxmışam. Aktauda 190 minlik zalda dünya ulduzu Dimaş Kudaybergen ilə birlikdə səhnədə olmuşam. Bununla yanaşı Qazaxıstanda Almatı Arena, Özbəkistanda Humo Arena, Rusiyada Live Arena kimi böyük məkanlarda zalları doldurmağı bacarmışam və Azərbaycan dilində oxumaqla alqış qazanmışam.

Amma bu dəfə öz vətəndaşımın, öz xalqımın, qardaş və bacılarımın təbrikini gözləyirdim. Buna görə çox xoşbəxtəm. Çox sağ olsunlar, var olsunlar, mənim yanımdadırlar və mən tək deyiləm.


- Açılış mərasimində tamaşçıları və iştirak edən qonaqları bir neçə dildə salamladınız...

- Tamaşaçılarla beş dildə salamlaşdım - türk, ingilis, qırğız, rus və Azərbaycan dillərində. Asiya ölkələri üçün isə “Əssəlamu əleykum” ifadəsini işlətdim. Bu, bir neçə dövlətə ünvanlanan ümumi salamlaşma idi.

Sadəcə, aparıcılar canlı yayımda mənim təqdimatımı verdikləri üçün zaldakı salamlaşmanın hamısı televiziya efirinə düşmədi. Televiziyada qırğız, rus və Azərbaycan dillərində salamlaşmağım yayımlandı. Amma türk və ingilis dillərində də salamlamışdım.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev da salonda idilər. Mən o ölkələrdə də konsert proqramı ilə çıxış etmişəm.

- Açılış mərasimində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edirdi. Belə yüksək səviyyəli tədbirdə onlarla ünsiyyət qurmaq, şəxsən görüşmək və ya söhbət etmək imkanınız oldumu?

- Doğrusu, yalnız səhnədə baş verənlər və səhnədə yaşanan məqamlar haqqında danışa bilərəm. Mən sənətçiyəm və səhnədə baş verənlərlə bağlı fikirlərimi bölüşmək haqqım var. Səhnə arxasında olanlar elə səhnə arxasında da qalsa yaxşıdır, bu, artıq mənim üçün şəxsi xarakter daşıyır.

- Çıxış repertuarı üçün "İstədim” mahnısını seçməyinizin əsas səbəbi nə oldu?

- “İstədim” mahnısı, eləcə də Xalq artisti Emin Ağalarovun və JONY-nin "Kamin" dueti Azərbaycan musiqisindən dünya miqyasında tanınan və qlobal auditoriyaya çıxan ən uğurlu hitlərindən biridir.

Konsert proqramımızın formatına əsasən, mən və Nikol Şelzenger səhnədə, hər birimiz yarım saat ifa etməli idik. Mən "İstədim” və yeni təqdim olunan “Şuşa” mahnısını oxuyacaqdım. Sadəcə, rəsmi hissədə beş sənətçinin adı var idi və hər biri yalnız bir mahnı təqdim etməli idi. Çünki sonra rəsmi hissənin bağlanışı, açılış mərasiminin yekunu olaraq atəşfəşanlıq nəzərdə tutulmuşdu və bundan sonra konsert proqramımız davam edirdi.

Tədbir təşkilatçıların və Mədəniyyət Nazirliyinin yaradıcı heyətinin müəyyən etdiyi konsepsiyaya uyğun şəkildə aparıldı. Hər bir sənətçidən dünya musiqisini təmsil edən bir mahnı seçildi. Mənim ifam üçün “İstədim”, Nikol Şelzenger üçün isə “Buttons" mahnısı müəyyənləşdirildi. Beləliklə, hər ikimiz açılış mərasimində bir mahnı ilə çıxış etmək şərəfinə nail olduq.


- Rusiyada və xarici ölkələrdə də sevilirsiniz. Ümumiyyətlə, tamaşaçıların sizə olan marağını necə dəyərləndirirsiniz?

- Xarici vətəndaşların ana dilimizdə olan mahnılara diqqət göstərməsindən, zövq duymasından daha böyük sevgi etirafı ola bilərmi? Onların Azərbaycan dilində ifa olunan mahnıları dinləməsi artıq özlüyündə bir sevgi nümayişidir. Mən bir sənətçi kimi yalnız onu deyə bilərəm ki, gözəl səsimə, ifalarıma və mahnılarıma göstərilən bu sevgi məni çox sevindirir.

- Qarşıda hansı yeni layihələriniz nəzərdə tutulur? Xarici ölkələrdə çıxışlarla bağlı planlarınız varmı?

- Sentyabrın 6-da VI Dünya Köçəri Oyunlarının bağlanış mərasimi keçiriləcək. İnşallah, bu mərasimdən sonra, sentyabrın 7-də İstanbula gedəcəm. Əmrə Altuğ ilə klipimizin çəkilişi olacaq.

Daha sonra sentyabrın 11-də Rusiyada turnem başlayır. Sentyabr ayı ərzində Osetiya, Dərbənd, Kazan, Samara, Sankt-Peterburq, Moskva, Voronej və Nijni Novqorodda konsertlərim olacaq.

- Azərbaycanda solo konsert proqramı ilə çıxış etməyi düşünürsünüzmü?

- Azərbaycanda solo konsertimiz yay aylarına təsadüf edəcək. Hazırda bununla bağlı danışıqlar gedir. Düşünürəm ki, Dream Fest çərçivəsində də bir sürpriz edə bilərik.

Demək olar ki, gələn ilin aprel ayına qədər konsert proqramım artıq formalaşıb. Azərbaycanda isə tamamilə fərqli və xüsusi bir proqram hazırlamalıyıq. Vaxt baxımından düşünürəm ki, konsertimiz Dream Fest çərçivəsində baş tuta bilər.