BAKI, 31 avqust. TELEQRAF
Türkiyənin Ankara şəhərində keçiriləcək “Kültür Yolu” Festivalının açılışı bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunacaq.
Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, festival çərçivəsində Azərbaycan və Türkiyənin mədəniyyət nazirliklərinin dəstəyi ilə sentyabrın 19-da Ankaradakı CSO Ada Ankara Ana Salonunda “İki Devlet – Bir Sahne: Kardeş Ezgiler” adlı möhtəşəm konsert proqramı təqdim ediləcək.
Layihə Türkiyədəki Azərbaycan Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Baş Müdirliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Konsert Ankara Dövlət Opera Orkestri və TRT Birləşmiş Xorunun müşayiəti ilə keçiriləcək. Proqramı Azərbaycan Respublikasının Xalq artisti, dirijor Yalçın Adıgözəlov idarə edəcək. Səhnədə Azərbaycan və Türkiyənin tanınmış opera sənətçiləri çıxış edəcəklər.
Konsertin repertuarına Üzeyir Hacıbəylinin ölməz əsərləri, eləcə də Azərbaycan və Türkiyə bəstəkarlarının seçilmiş əsərləri daxil ediləcək.
“İki Devlet – Bir Sahne: Kardeş Ezgiler” konserti Azərbaycan və Türkiyənin zəngin musiqi mədəniyyətlərinin eyni səhnədə nümayişinə imkan yaradacaq.
Layihə iki qardaş ölkənin ortaq mədəni dəyərlərinin, zəngin musiqi irsinin və əsrlər boyu formalaşmış mənəvi bağlarının sənətin dili ilə təqdim olunmasına, həmçinin Azərbaycan və Türk dünyasının ortaq mədəni irsinin təbliğinə töhfə verməyi hədəfləyir.