BAKI, 20 iyul. TELEQRAF

Nizami Kino Mərkəzində AzTV-nin istehsalı olan “Sultan Həsən Bahadur” filminin təqdimat mərasimi baş tutub.

Teleqraf xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, AzTV-nin süni intellekt əsasında hazırladığı tarixi filmin iki mühüm xüsusiyyəti var: "Birincisi, tariximizin milli kimlik baxımından cəmiyyətimizə təqdim olunması və bu sahəyə verdiyi töhfədir. İkincisi isə filmin süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanmasıdır. Süni intellekt artıq yaradıcılıqda yeni bir janra çevrilməkdədir. Hesab edirəm ki, süni intellekti yaradıcılıqda ayrıca bir janr kimi qəbul etməliyik. Bu texnologiya yeni imkanlar açır, daha az maliyyə sərfi ilə keyfiyyətli layihələrin ərsəyə gəlməsinə şərait yaradır. Bu, çox uğurlu bir layihədir."

Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov vurğulayıb ki, film dörd ay ərzində ərsəyə gətirilib:

"Bu film Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin həyatında özünəməxsus tarixi hadisədir. İki il əvvəl "Tariximizlə qürur duyuruq" layihəsinə başladıq. Bu istiqamətdə sistemli addımlar atmaq lazım idi. Tarixə nəzər salmaq müəyyən risk daşıyırdı. “Sultan Həsən Bahadur” filmi real faktlar əsasında hazırlanıb və dörd aya ərsəyə gətirilib. Filmin xronometrajı 37 dəqiqədir. Filmi şəhidlərimizin əziz xatirəsinə həsr edirik".

Filmin rejissoru Mecit Güven, ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir. Elmi məsləhətçiləri Səbuhi Əhmədov və Könül İmamverdiyeva, bəstəkarı Vüqar Camalzadədir. Filmin rəssamı Reyhan Aslanova, prodüserləri isə Sərvər Bayramov və Ercan Kayadır.

Bu ekran əsəri Ağqoyunlu dövlətinin qüdrətli hökmdarı, tarixdə Uzun Həsən adı ilə tanınan Sultan Həsən Bahadurun böyük fatehlik yoluna, eləcə də onun anası, Şərqin ilk diplomat qadını Sara Xatunun siyasi dühasına işıq salır. Süni intellektin sonsuz vizual imkanları ilə tarixi dəqiqlik bu filmdə bir araya gəlir.