Muzey Mərkəzində "Azərbaycan Təsviri Sənətinin İnciləri. Qızıl Kolleksiya" sərgisinin açılış mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, sərgi Azərbaycan Dövlət Rəsm Qalereyası və BP şirkətinin əmədaşlığı ilə baş tutub.

Sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan təsviri sənətimizin ən dəyərli irsini, milli bədii ənənələrin inkişaf mərhələlərinin müxtəlif nəsilləri təmsil edən gözəl sənətkarların yaradıcı məhsulunu nümayiş etdirmək məqsədilə keçirilir.

BP-nin Xəzər bölgəsi üzrə xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli vurğulayıb ki, şirkət cəmiyyətin təhsil, mədəniyyət və sosial sahələrdə inkişafına töhfə verməyə, bu istiqamətlərdə davamlı və dəyərli iz qoymağa çalışır: "Uzun illər ərzində həyata keçirdiyimiz əsas layihələr təhsil sahəsini əhatə edib. Son iki ildə isə mədəniyyət istiqamətində də bir sıra mühüm layihələr reallaşdırmışıq. Ölkənizin zəngin mədəni irsinin qorunması və tanıdılması məqsədilə beş zalın müasir texnologiyalar əsasında yenidən qurulması layihəsini həyata keçiririk. Bu zallarda təxminən 100 rəsm əsərinin nümayişi nəzərdə tutulur. Mədəni irslə bağlı bu layihəmizə göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə dərin təşəkkürümü bildirirəm".

Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə vurğulayıb ki, Muzey Mərkəzində həyata keçirilən yenidənqurma layihəsi təsviri sənət irsimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir: "Sərgi zalları əsaslı şəkildə yenilənmiş, ekspozisiya müasir və innovativ texnologiyalar əsasında qurulub. Yenilənmiş ekspozisiyada Azərbaycan təsviri sənəti tarixinin görkəmli ustalarının 80-ə yaxın heykəltəraşlıq əsəri nümayiş olunur. Bu nümunələr milli təsviri sənətimizin müxtəlif dövrlərini və inkişaf mərhələlərini əks etdirərək zəngin bədii irsimizi ziyarətçilərə təqdim edir".

15 sentyabr tarixinə qədər davam edəcək sərgi, milli təsviri sənətimizin ən dəyərli nümunələrini bir araya gətirərək, ziyarətçilərə Azərbaycan incəsənətinin zəngin irsini daha yaxından tanımaq, onun estetik və tarixi əhəmiyyətini dərin qavramaq imkanı yaradacaq.